Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 22:18
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 1,3 milyard doza peyvənd vurulub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir.
Çində ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının miqdarı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 25 milyon doza peyvənd vurulur.
Qeyd edək ki, Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.