Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 16:58
Ermənistanın bu ilin 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə əlaqədar xarici ölkələrin Ermənistandakı diplomatik nümayəndəliklərinə nota təqdim etməsi siyasi həyasızlığın son həddidir. Bir ölkənin başqa bir ölkənin beynəlxalq hüquqla tanınan qanuni torpaqlarına o ölkədə akkreditə olunan ölkələrin səfirlərinin səfər etməsi ilə bağlı nota təqdim etməsi beynəlxalq hüquqa görə qanunsuzdur.
Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Q.Hüseynli qeyd edib ki, Ermənistanın bu addımı beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmət etmədiyinin sübutudur:
"Rəsmi İrəvan bu davranışı ilə bir daha göstərmiş oldu ki, heç bir halda onunla uzlaşmaq mümkün deyil. Bu gün Azərbaycan və Türkiyə regional proseslərə Ermənistanın qatılmasında maraqlıdır. Regionda gərginlik, müharibə heç bir ölkə üçün müsbət gələcək vəd etmir. Lakin 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra belə Ermənistan işğal siyasətindən əl çəkmir və Şuşaya səfər etdiyi üçün diplomatların təmsil olunduğu ölkələrə nota verir.
Rəsmi İrəvana heç bir məsələdə bundan sonra güzəştə getmək olmaz. Hətta bu davranışa cavab olaraq Laçın dəhlizi üzərindən rəsmi Ermənistana təzyiq edilməlidir".