Tarix: 11 Avqust 2019 17:48
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL daha bir itki ilə üzləşib.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin müdafiəçisi Praksitelis Vuros sıradan çıxıb.
Son məşq zamanı zədələnən futbolçunun qolunda qırıq aşkarlanıb. Tibbi müayinədən sonra onun 4 həftə məşq edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, digər zədəlilərdən braziliyalı yarımmüdafiəçi Alefin “Qarabağ”la görüşü buraxacağı dəqiqdir. Serbiyalı müdafiəçi Vuyadin Saviçin də meydana çıxacağı sual altındadır.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – APOEL matçı saat 20:30-da başlayacaq. Kiprdəki matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.