Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2021 10:24
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin xaricdə magistratura və doktorantura pilləsində təhsil alacaq 2021- ci il məzunları ilə görüşüb.
Bakı Ali Neft Məktəbindən Sonxeber.net-a verilən məlumata görə, onları təbrik edən rektor hər biri ilə ayrı - ayrı maraqlanıb və tövsiyyələrini verib. Səmimi şəraitdə keçən görüşdə Elmar Qasımov vurğulayıb ki, məzunlar getdiyi ölkələrdə Azərbaycanı layiqincə təmsil etməlidirlər: "Hər biriniz həmin ölkələrdə Azərbaycanın intellektual əsgərləri olmalısınız. Sizin üzərinizdə şəhidlərimizin, Dövlətimizin, Xalqımızın haqqı var. Buna biganə yanaşmayın. Vətənimizi, Ali Məktəbimizi, ailənizi layiqincə təmsil etməlisiniz".
Rektor məzunlara gedəcəyi ölkələrdə Azərbaycanın səfirlikləri, diplomatik nümayəndəlikləri ilə sıx əlaqədə olmağı tövsiyyə edib. Elmar Qasımov xüsusi vurğulayıb ki, eyni zamanda təhsil alacağınız universitetlərlə BANM arasında əlaqələrin qurulmasına səy göstərin: "Bir sözlə, Ali Məktəbinizi unutmayın. Dünya artıq Bakı Ali Neft Məktəbini tanıyır".
Bu il BANM-in bakalavr və magistr məzunu olan 40 tələbə 16 xarici ölkənin universitetlərinə daxil olub. Həmin ölkələr arasında ABŞ, Almaniya, Kanada, Macarıstan, Norveç, Litva, Niderland, İtaliya, Estoniya, Belçika, Böyük Britaniya və Çexiya kimi ölkələrin məşhur ali təhsil müəssisələri var. Yeri gəlmişkən, builki məzunlardan 7 - si ABŞ - ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6 - sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.