Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Guya dəfn mərasimində beş min adam olsaydı nə dəyişəcəkdi?"

Tarix: 4 Avqust 2021 18:25

Müğənni Sevda Əliqızının bir neçə gün öncə "Elgizlə izlə" verilişində mərhum Xalq artisti Səməd Səmədovun dəfni barədə danışdıqları geniş müzakirələrə səbəb oldu.

Onun sözlərinə görə, sənətçini son mənzilə yola salanlar arasında çox az sənət adamı yer alıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist Cavanşir Məmmədov dəfn mərasiminin bu qədər müzakirə edilməsinin əleyhinə olduğunu deyib:

"Əvvəla, pandemiya ilə əlaqədar olaraq yas mərasimlərinə çox adamın gəlməyinə icazə yoxdur. Bu şan-şöhrət deyil ki... Kimsə vəfat edibsə, onu ən yaxın adamları dəfn edər, bütün dünya ora tökülməli deyil ki. Bu nə xasiyyətdir, bu nə demaqogiyadır ki, bizim aramızda bu söhnətlər gəzir? Az adam olubsa olub, nə olsun, dünya dağılıb?! Torpağa tapşırılıb guya nə məna kəsb edir ki? Guya dəfn mərasimində beş min adam olsaydı nə dəyişəcəkdi? Bu nə deməkdir? İnsan rəhmət getdisə, dəfnində qohumları və yaxın dostları olar, vəssalam".

Sənətçi S.Səmədovun dəfnində az adam olmasını pandemiya ilə əlaqələndirib:

"Əgər Səmədin cənazəsini iki-üç gün saxlasaydılar, dəfnə Moskvadan, Aşqabaddan, regionlarımızın müxtəlif yerlərindən gələn dostları təbii ki, olardı. Guya Səmədin dəfnində iki adam olub? Orada kifayət qədər adam var idi. Sevda xanım bunu efirdə deyibsə, düz eləməyib. İnsanın yasına çox adam da gələ bilər, az adam da. Hər kəsin bu istidə, xüsusilə pandemiya şəraitində ora gəlmək məcburiyyəti yoxdur, bu düzgün söhbət deyil. Toya da az adam da gəlir, çox adam da. Adam sayı az olsa onda o deməkdir ki, bu adam hörmətsiz adamdır? Səməd Səmədov özü ilə bərabər sənət də qoyub gedib, gözəl oxuyurdu, yaxşı sənətkar idi, qardaşımız idi, mehriban insan idi. Hələ bilmək olmaz kim öləndə yasında nə qədər adam olacaq. Səməddən əvvəl bizim bir neçə sənət yoldaşımız dünyasını dəyişdi, onların dəfnində adam lap az idi. Bu pandemiyaya görədir. Belə şeyləri yığışdırın. Sevda, özün orada idin də adam az idi məgər? Camaatı güclə gətirməliydilər? Kim gəlib sağ olsun. Səmədi hamı çox istəyirdi, ölümünə hamı heyfslənir. Sosial şəbəkələrdə bir nəfərdən görmüsünüz ki, yazsınlar "Səməd pis adam idi?". Xeyr, hamı haqqında xoş xatirələri danışır".

Qeyd edək ki, S.Səmədovun dəfn mərasimində Əməkdar artistlər Cavanşir Məmmədov, Ədalət Şükürov, müğənnilər Rüfət Axundov, Əli Mirəliyev və Sevda Əliqızı yer alıblar.

S.Səmədov koronavirusa yoluxmuşdu. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Guya dəfn mərasimində beş min adam olsaydı dəyişəcəkdi


RƏYLƏR