Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 12:52
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 26K ünvanında yerləşən yaşayış binasının avtodayanacaq sahəsində fəaliyyət göstərən avtomobillərə texniki xidmət obyektində plandankənar yoxlama aparılıb.
Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib. Aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki;
- avtodayanacaq sahəsinin, o cümlədən avtotəmir fəaliyyətini icra edən obyektin tələb olunan sahələri avtomatik yanğın xəbərverici siqnalizasiya, yanğınsöndürmə, xəbərdaretmə və tüstüdən mühafizə qurğuları, eləcə də daxili yanğın su kranları ilə norma və qaydaların tələblərinə uyğun olaraq təmin olunmayıb;
- tələb olunan sahələr ilkin yanğınsöndürmə alət və vasitələri, o cümlədən odsöndürən balonlarla təmin olunmayıb;
- obyektdə yanğın zamanı insanların hərəkəti və təxliyəsi üçün çıxışların, yolların nişanlanması aparılmayıb, "Köçürmə planı"nın razılaşdırılaraq müvafiq görünən yerlərdən asılması təmin edilməyib, işçi heyət yanğına qarşı təlimatlandırılmayıb;
- obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılması təmin edilməyib, cihaz və avadanlıqların yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib.
Avtomobillərə texniki xidmət təyinatlı obyektin yaşayış binasının 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağı ilə bir məkanda fəaliyyət göstərməsi qüvvədə olan yanğın təhlükəsizliyi norma və qaydalarına zidd olaraq insan həyat və sağlamlığına təhlükə törədir.
Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş avtomobillərin təmiri obyektində işlərin görülməsinin dayandırılması barədə Qərar qəbul edilib.
"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı və 7-ci maddələrinə əsasən, fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun aidiyyəti qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib, qanunvericiliyin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşıdıqları nəzərlərinə çatdırılıb.