Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqroparklar Azərbaycanı idxal buğdasının asılılığından xilas edəcək - VİDEO

Aqroparklar Azərbaycanı idxal buğdasının asılılığından xilas edəcək - VİDEO

Tarix: 28 Avqust 2021 13:12

Əldə edilən ilkin nəticələr göstərir ki, aqroparklar Azərbaycanı buğda idxalı asılılığından xilas etməyə qadirdir. Çünki buğda sahələrindən əldə edilən məhsuldarlıq ölkənin əksər bölgələrinin kəndli təsərrüfatlarında əldə ediləndən bir neçə dəfə yüksəkdir.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, sirr deyil ki, Azərbaycan hər il bir milyon tondan çox buğda idxal edir. Məsələn, 2020-ci ildə 1 milyon 365 min ton buğda idxal edilib. 2019-cu ildə isə bu göstərici 1 milyon 584 min ton olmuşdu. İdxal buğdanın əsas hissəsi un istehsalına yönəldilir və ölkənin şəhər əhalisi əsasən, kənd əhalisi isə qismən idxal buğdası ilə qidalanır. Yerli buğda əsasən heyvandarlıqda yem kimi istifadə edilir. İdxal buğdasının bir ildə 219 min ton azalması Azərbaycanda aqroparkların işinin sürətləndirilməsi kimi dəyərləndirilə bilər.

Azalma meyli bu il də davam edir. Bu ilin yanvar-iyul aylarında Azərbaycana 408 min ton buğda idxal edilib. Bu, ötən ilin uyğun aylarında idxal ediləndən 26 min ton azdır. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana 434 min ton buğda gətirilmişdi. Bu meylin 2021-ci ilin qalan aylarında da davam edəcəyi düşünülür. 2019-cu ilin yanvar iyul aylarında isə Azərbaycana 653 min ton buğda idxal edilmişdi.

Dünya bazarında müşahidə edilən qiymət artımının da bu meyli gücləndirəcəyi ehtimal edilir. Əgər bir il öncə - 2020-ci ilin avqustunda dünya bazarında buğdanın tonu 190 dollardan satılırdısa, bu ilin avqustunda qiymət 270 dolları keçib. Hətta Rusiyada protein göstəricisi 12,5 faiz olan ərzaq buğdasının tonunun qiyməti 300 dollara qalxıb.

Bu isə yerli unüyütmə kombinatlarını xammal kimi yerli maldan istifadəyə meylləndirəcək. Kombinatlar yerli xammaldan imtinanı adətən keyfiyyət uyğunsuzluğu ilə izah etslər də, çox vaxt məsələ logistika ilə bağlı olur. Çünki hətta 5-10 hektar ərazidə belə taxıl əkən fermerin keyfiyyətli taxılını alıb, qurudub, sortlayıb Bakıya və ya Gəncəyə daşımaq belə sortlanmış, hazır idxal buğda almaqdan xeyli baha başa gəlir.

Amma minlərlə hektar ərazidə buğda əkən aqroparklarda isə vəziyyət fərqlidir. Onların əksəriyyətində taxılın qurudulmasında, sortlaşdırılması, yüklənməsi və daşınması üçün şərait var. Unüyütmə kombinatlarına yalnız buğdanı qəbul etmək qalır. Bu fikir "Sumqayıt Kimya Parkı" MMC-nin departament rəhbəri Zamir Dibirov tərəfindən də səsləndirilir.

"Regionlarda yaradılan aqropark və iri fermer təsərrüfatlarının əhalinin məşğulluq səviyyəsinin artırılması, idxalın əvəzlənməsi, idxal məhsullarının artırılmasında mühüm rolu olub. Hazırda ölkəmizdə 240 min hektar ümumi ərazini əhatə edən, ümumi layihə dəyəri 2,1 milyard manatdan çox olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. 51 aqropark və iri fermer təsərrüfatından 43-ü artıq fəaliyyətə başlayıb, digərləri isə layihələndirmə mərhələsindədir. Fəaliyyətə başlamış aqroparklar əsasən bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşıb, eyni zamanda onlarda emal, çeşidləmə, qablaşdırma və logistika xidmətləri mövcuddur."

Daxili bazarda yaranmış vəziyyətə görə xırda torpaq sahibi olan kəndlilər buğda əkməyə maraqlı deyil. Xüsusilə də, dağlıq dəmyə ərazilərdə bir hektardan maksimum 2 ton buğda götürmək olar ki, kəndli bunu satarsa, 800 manat əldə edər. Halbuki həmin sahədə kartof əkməklə ən azı 8 ton kartof əldə edər və bunu elə qapısında kilosu 50 qəpikdən topdan satmaqla 4 min manat qazana bilər. Buna görə də kənd yerlərində buğdanı əsasən yem məqsədi ilə əkirlər, bir çox ailələr buğdanın bir qismini yerli dəyirmanlarda üyüdərək həm də ərzaq kimi işlədirlər. Yəni xırda kəndli təsərrüfatları buğda əkərkən hansısa unyütmə kombinatına buğda satmaq barədə düşünmür, çünki müvafiq logistika yoxdur. Eyni vəziyyət bəzən hektardan məhsuldarlığın 1 tona qədər düşməsi müşahidə edilən aran bölgələrində yaşanır.

Buna görə də Azərbaycanın idxal buğda asılılığından xilas olması üçün iri təsərrüfatlarda buğdaçılığın inkişafı qaçılmazdır. Dünyada aparılan araşdırmalar göstərir ki, hələ ki, buğda istehsalı yalnız açıq üsulla mümkündür. Sovet dövründə istixana şəraitində buğda istehsalı üzrə tədqiqatlar aparılsa da, yetərincə baha başa gəlməsi üzündən, hələ ki, bu variantın gələcəyi görünmür. İndi Rusiyada dəbə düşmüş hidropon üsulu ilə yetişdirilən buğda da yalnız yem kimi işlədilir. Ümumiyətlə, Avropada aeroponika üsulu ilə buğda yetişdirilməsi üzrə aparılan tədqiqatlarda hələ ki, nəticə vermir və buğda dəni almaq mümkün deyil. Buna görə də ənənvi üsulla buğda yetişdirilməsində yüksək məhsuldarlığa imkan verən texnologiyaların mənimsənilməsi vacibdir. Ölkə üzrə buğdanın hektardan məhsuldarılığı 3 ton ətrafında dəyişdiyi halda, aqroparklarda 6 ton ətrafında dəyişir. Hədəfdə məhsuldarlığı qabaqcıl ölkələrdə olduğu kimi 7-7,5 tona qaldırmaqdır.
"Aqroparklarda bitkiçilik məhsullarının istehsalında məhsuldarlığın yüksək səviyyədə təmin olunması, eyni zamanda suvarma suyuna qənaət edilməsi məqsədi ilə müasir suvarma sistemləri qurulub. Ümumilikdə suvarılan 80 min hektar ərazidən 40 min hektarı pivotaltı sahə, 7 min hektarı damlama, 2 min hektarı sprinqler və tamburlu suvarma sistepmləri olub. 36 min hektar dəmyə ərazisidir. Yerdə qalan ərazilərdə də müasir suvarma sistemlərinin qurulması üzərində işlər davam etdirilir."

Nəzərə alınsa ki, aqroparkların əksəriyyəti əvvəllər əkinə yararsız, su çıxmayan torpaqlarda təşkil edilir, bu nəticələri əldə etmək üçün böyük vəsaitlərin yatırıldığı aydın olur.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Ümumi layihə dəyəri 1 milyard mantadan artıq olan 27 aqroparka investisiya təşviqi sənədi verilib ki, onlardan 25-i müasir texnika, texnoloci avadanlıqlar və qurğuların idxalına görə müxtəlif cür təsdiqedici sənədlər götürmüş və ümumilikdə 33 milyon manat ümumi gömrük və əlavə dəyər vergisindən azad olmuşlar. Ümumilikdə 51 aqroparkın və iri fermer təsərrüfatının yaradılmasına özəl investisiyanın həcmi 1,2 milyard manat təşkil edib."

Lakin bu vəsaitlər boş yerə xərclənmir. Hər şeydən öncə, buğda təhlükəsizlik məsələsidir və inkişaf etmiş ölkələrin əksəriyyəti hər il ölkə üzrə istehlakın 40 faizə qədərini yerli istehsalçılardan alaraq xüsusi fonda toplayırlar. Bu, ilk baxışda müharibə və fors-macor halları üçün ehtiyat tədbiri olsa da, həm də yerli istehsalın dəstəklənməsi naminə edilir. Azərbaycanda hələ ki, Dövlət Taxıl Fondu ehtiyatını idxal taxılı hesabına tutur. Ancaq bu istiqamətdə görülən işlər öz bəhrəsini verərəsə və ölkədə yetərincə keyfiyyətli buğda olarsa, strateci ehtiyatımız üçün özgə qapılarına üz tutmarıq. Bu istiqamətdə dövlətin də yatırımları olur və bu vəsaitlər boş yerə xərclənmir, vergilər və idxal üçün sərf edilən valyutaya qənaət şəklində yenidən dövlətə geri qayıdır.


Etiketlər:  Aqroparklar Azərbaycanı idxal buğdasının asılılığından xilas edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ