Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli varlığımızın pozulmaz möhürü - VİDEO

Milli varlığımızın pozulmaz möhürü - VİDEO

Tarix: 31 Avqust 2021 15:10

Molla Pənah Vaqif Məqbərəsi Mədəniyyət paytaxtımız Şuşada böyük əzəmətlə dayanır

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, tarixən Şuşanın rəmzlərindən biri ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Molla Pənah Vaqifin əzəmətli məqbərəsi idi. Və Şuşada milli varlığımızın pozulmaz möhürü hesab olunur. Məqbərənin tikintisinə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı və 1982-ci il yanvarın 14-də və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu..

Bu abidə milli-mənəvi dəyərlərimizin böyük hamisi Heydər Əliyev üçün olduqca əziz və dəyərli idi və buna görə də 39 il əvvəl güclü qar yağmasına, çətin aşılan dağ yollarının son dərəcə təhlükəli olmasına baxmayaraq, o, Şuşaya gəlmiş, onun üçün önəmli olan açılış mərasimini təxirə salmamışdı. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.

Burada görkəmli Xalq şairi Nəriman Həsənzadə də iştirak edib.

Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi.

Türbənin daxilində Molla Pənah Vaqifin heykəltaraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi. Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Fondun dəstəyi ilə bürüncdən hazırlanan büstü də öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb və bu gün mədəniyyət paytaxtımız Şuşada böyük əzəmətlə milli varlğımızı dünyaya bəyan edir.


Etiketlər:  Milli varlığımızın pozulmaz möhürü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ