Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan geri çəkildi: Azərbaycan Zəngəzur dəhlizini açacaq - ŞƏRH

Paşinyan geri çəkildi: Azərbaycan Zəngəzur dəhlizini açacaq - ŞƏRH

Tarix: 9 Sentyabr 2021 17:32

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan regional kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu bildirib. O, dolayısı ilə Zəngəzur dəhlizi layihəsinin bərpasına razı olduğunu gizlətməyib.

"Bizim üçün Rusiya və İranla dəmir yolu əlaqəsi qurmaq çox vacibdir. Məsələnin həlli üçün Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli razılaşması əsasında danışıqlar aparırıq. Azərbaycan da özünün Qərb əraziləri ilə Naxçıvan arasında əlaqə yaratmağı hədəfləyir. Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq", - deyə Paşinyan çıxışında vurğulayıb.

Maraqlıdır, Ermənistan rəhbərinin bu çıxışı onun Azərbaycanın şərtlərini qəbul etməsindən xəbər verir, yaxud Paşinyan bununla Bakıya nə demək istəyir?

Jurnalist-tədqiqatçı, ermənişünas alim Qafar Çaxmaqlı Modern.az-a açıqlamasında bildirib ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son çıxışı Azərbaycanın diplomatik siyasətin nəticəsidir.

Q.Çaxmaqlı qeyd edib ki, Ermənistanın dəhlizi açmaqdan başqa yolu yoxdur:

"Dəfələrlə deyilib ki, Paşinyan razı olmasa, Azərbaycanın əlində çox önəmli silahlar var ki, biz onu tədbiq edə bilərik. Oxşar addımı Zəngəzurda tətbiq etdik. İki gün Gorus-Qafan yolu bağlandı. Bundan sonra ermənilər anladılar ki, Azərbaycan qalib tərəfdir, onun dedikləri olmalıdır. Zəngəzurun alternativi yoxdur. Bu yol açılmalıdır, çünki dəhliz region ölkələrinin də maraqlarına uyğundur. O cümlədən, Ermənistanın öz maraqlarına da uyğundur. Çünki Ermənistan bu dəhlizin açılması ilə öz yüklərini Rusiya, İran, Gürcüstan kimi ölkələrə göndərir. Bu kimi ölkələrlə digər başqa layihələri də var. Dəhliz açılmazsa, bu layihələr batacaq. Bu mənada Ermənistanın başqa çıxış yolu yoxdur. Məncə, yaxın vaxtlarda tikinti işlərinə başlamaq olar".

Ermənişünas alim vurğulayıb ki, Paşinyanın Tbilisidə verdiyi başqa bir mesaj Ermənistanın Azərbaycanla sülh müqaviləsinə getməsi ilə bağlıdır:

"Bu da Ermənistanın ayrı çıxış yolunun olmamasını göstərir. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı Azərbaycan tərəfi çox ciddi şərtlər irəli sürə bilər. Əvvəlcə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu baş verməsə, sülh sazişinin bağlanması yəqin ki, mümkün olmayacaq. Çünki ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındıqdan sonra Ermənistanın Qarabağ iddialarından tamamilə əl çəkəcəyi görünür".

"Paşinyan, həmçinin Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaq istəyir. Sərhədlərin açılmasına razıdır, bu işə müsbət baxır. Əlbəttə, bu məsələdə Türkiyənin şərtləri ola bilər. Çox güman ki, Türkiyənin şərtlərindən biri Zəngəzurla bağlı olacaq. Digəri isə erməni ideologiyasından imtina edilməsidir. Bu da Türkiyəyə qarşı ərazi iddiaları ilə əlaqədardır. Belə şərtlər əsasında sərhədlər açıla bilər, bununla da Ermənistan iqtisadiyyatı canlanacaq".


Etiketlər:  Paşinyan geri çəkildi Azərbaycan Zəngəzur dəhlizini açacaq ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ