Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2021 15:03
Ombudsmanın dəvəti əsasında faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti missiyanın yekunları ilə bağlı Gəncə şəhərində mətbuat konfransı keçirib.
Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, mətbuat konfransında əvvəlcə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi hörmətlə anılıb. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, tarixi və mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri barəsində məlumat verilib.
Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-nın üzvü Aydın Səfixanlı çıxışında bildirib ki, İƏT MİHDK-nın ölkəmizdə faktaraşdırıcı missiya aparmaq məqsədi ilə baş tutan rəsmi səfəri zamanı Azərbaycanın işğaldan azad olunmuş və hücuma məruz qalmış digər ərazilərində yerində monitorinq aparılıb. A. Səfixanlı nümayəndə heyətinin Ağdam şəhərində milli və dini irsimizin məhv edilməsi məqsədi ilə uzun müddət ərzində memarlıq, tarixi və mədəni abidələrin talan edildiyinin, dağıdıldığının, ümumilikdə insan hüquqlarının kobud şəkildə pozulduğunun şahidi olduğunu vurğulayıb. Daha sonra faktaraşdırıcı missiyannın İkinci Qarabağ müharibəsi zamanı ən çox atəşə məruz qalan, qadağan olunmuş silahlardan istifadə etməklə intensiv atəşə tutulan Tərtər şəhərində davam etdirildiyi bildirilib. Aydın Səfixanlı Tərtər şəhərində zərərçəkmiş sakinlərlə görüş zamanı nümayəndə heyətinin insan tələfatı və dağıntılar haqqında şahidlərdən məlumat aldıqlarını da qeyd edib.
Ombudsman Aparatının rəhbəri faktaraşdırıcı missiyanın Gəncə şəhərində davam etməsinin də təsadüfi olmadığını, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın tarixi şəhəri Gəncəyə bir neçə dəfə edilən raket hücumlarının ciddi dağıntıların baş verməsi və uşaq, qadın, ahıllar da daxil olmaqla çoxsaylı insan tələfatı ilə nəticələndiyini nəzərə çatdırıb. O, nümayəndə heyətinin üzvləri ilə dağıntıların olduğu ərazilərə baş çəkdiklərini, həyatlarını itirmiş mülki şəxslərin ruhuna ehtiramlarını bildirdiklərini, dağıntılar olan yerdə güllər qoyulduğunu qeyd edib, heyət üzvlərinə öz təşəkkürünü bildirib.
İƏT MDİHK sədri Saeed Mohamed Abdulla Omair Alghfeli bir daha dəvətə görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana səfərin məqsədinin işğaldan azad olunmuş ərazilərdə tarixi, mədəni və dini adibələrin dağıdılması, talan edilməsi ilə bağlı faktaraşdırıcı missiyanın həyata keçirilməsi və toplanmış faktlar və sübutları özündə əks etdirən hesabatın hazırlanması olduğunu bildirib. Ombudsman Səbinə Əliyeva ilə məhsuldar görüş keçirildiyini qeyd edən Komissiya sədri Milli Məclis, Minatəmizlənməsi Agentliyi və digər dövlət qurumlarında da görüşlərin keçirildiyini və faktaraşdırıcı missiyanın məqsədləri barədə fikir mübadiləsi aparıldığını bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərdə, həmçinin Tərtər və Gəncə şəhərlərində mülki obyektlərə və əhaliyə qarşı müharibə cinayətlərinin törədildiyinin şahidi olub və sənədləşdirdikləri faktlar missiyanın hesabatında öz əksini tapacaqdır.
Komissiya sədrinin müavini Hacı Ali Açıkgül itkin düşmüş azərbaycanlıların taleyindən hələ də xəbər olmadığını və buna görə Ermənistanın məsuliyyət daşıdığını vurğulayaraq, Azərbaycanın regionda sülhün bərqərar olması üçün vacib addımlar atdığını və bu istiqamətdə səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib.
Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanmış sübutlar müzakirə edilib.
Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edilib.