Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq immun sisteminin formalaşmasının kritik dövrləri

Uşaq immun sisteminin formalaşmasının kritik dövrləri

Tarix: 30 Sentyabr 2021 08:12

Orqanizmin digər sistemləri kimi immun sistemi də yaşa uyğun olaraq müəyyən dəyişikliklərə uğrayır. 15-16 yaşlarında immun sistemi tam şəkildə inkişaf etmiş olur.

İmmun sisteminin formalaşmasında həkimlər 3 kritik dövr olduğunu qeyd edirlər. İmmun sisteminin formalaşmasının bu dövrlərini bilmək, valideynlərə, onların uşaqlarının həyatının bu və ya digər dövrlərində daha tez-tez xəstələnmələrinin səbəblərini bilməkdə kömək edəcəkdir.

1. Birinici kritik dövr. Bu, yenidoğulma dövrüdür (uşağın həyatının ilk 29 günü).

Bu dövrdə uşaqları maksimal şəkildə müxtəlif viruslardan və mikroblardan qorumaq, onun dərisinə, göbək yarasına müvafiq şəkildə qulluq göstərmək lazımdır. Uzaq nəsillərdən bəri bizə qədər gəlib çatan belə bir adətimiz vardır: yeni doğulmuş körpə olan evə 40 gün ərzində digər adamların gəlməsi qadağan edilməlidir. Bu, yeni doğulmuş körpənin viruslardan və mikroblardan qorumasının ən ideal üsuludur. Bundan sonra isə immuitetin inkişaf etməsi üçün uşağa ana südü ilə qidalanma və antigen yüklənmə (müxtəlif mikroblar, viruslarla təmasda olmaq) tələb olunur ki, bu zaman immun sistemi həmin mikrobları "yaddaşında saxlayır".

2. İkinci kritik dövr. Bu dövr uşağın həyatın 3-6-cı aylarını əhatə edir. Bu dövrdə uşağın qanında ona anası tərəfindən verilmiş olan anticisimlərin miqdarı azalır (xüsusən də uşaq süni qidalanma rejiminə keçdiqdə). Bu dövrdə həmçinin uşaqda yerli immunitet (selikli qişalar) çox zəif olduğu üçün kəskin respirator virus infeksiyalarının bir neçə dəfə təkrar olunması qeyd edilir. Bir çox anadangəlmə immunodefisitlər də bu dövrdə özünü büruzə verməyə başlayır. Bu yaşda olan uşaqlar tənəffüs orqanlarının xəstəliklərinə və bağırsaq infeksiyalarına, qida allegiyalarına daha çox məruz qalırlar. Müəyyən infeksiyalara qarşı aktiv immunitetin formalaşması üçün bu dövrdə vaksinasiya (və sonra revaksinasiya) edilməsinə başlamaq xüsusilə vacib hesab edilir.

3. Üçüncü kritik dövr uşağın həyatının 2-ci ilinə təsadüf edir. Bu zaman onun ətraf mühitlə olan təmasları xeyli artmış olur. Bu dövrdə uşaqda olan müxtəlif anadangəlmə anomaliyalar və diatezlər özünü büruzə verə bilər.

Hər bir ana bilməlidir ki, həyatının ilk illərində uşaq xəstələnməyə bilməz. Çünki bu dövrdə onun immun sistemi hələ tam şəkidə formalaşmır. Doğulana qədər uşağın steril olan orqanizmi, doğulduqdan bilavasitə sonra mikroblarla zəngin olan mühitə düşür və o daim onlarla "döyüşməli" olur. Bu isə onun xəstələnməsi deməkdir. İmmunoloqlar hesab edirlər ki, əgər uşaq bağçaya gedənə qədər həyatının ilk 3 ilində praktik olaraq heç bir xəstəlik keçirməyibsə, bu heç də sevinclə qarşılanmamalı, əksinə.... ciddi narahatçılıq kimi qəbul olunmalıdır. Bu, o deməkdir ki, uşaq həyatdan təcrid edilmişdir. Bu da sonradan xəstəliklərin daha ağır keçməsinə və daha çox fəsadlar verməsinə səbəb ola bilər. Ona görə də uşağın immun sistemi müxtəlif infeksiyalarla görüşməklə məşq etməlidir.

Digər tərəfdən, əgər uşağınız il ərzində 5-6 dəfədən artıq xəstələnirsə və (və ya) bu xəstəlik 14 gündən artıq davam edərsə, bu, immun sisteminin qeyri-normal reaksiyası hesab olunur və həkim-pediatr və immunoloq tərəfindən müəyyən müayinələr aparılmasını tələb edir.

Valideynlər uşağın "normadan" artıq sayda xəstələnməməsi üçün bütün qoruyucu qaydalara əməl etməlidirlər. Məlumdur ki, uşaqlar digər uşaqlarla nə qədər çox təmasda olurlarsa, onların infeksiyalara yoluxma ehtimalı daha çox olur. Bu, ilk növbədə bağçaya gedən uşaqlara aiddir. Ona görə də doğulduqdan sonra daha tez-tez və uzun müddət ərzində xəstələnən uşaqların 4-5 yaşından tez bağçaya verməsi məsləhət deyil, hətta onları bağçaya verməmək daha münasib hesab olunur.

Qrip epidemiyası dövrlərində (praktik olaraq bütün payız-qış aylarında) uşağınızla birlikdə insanların daha çox toplaşdıqları qapalı yerlərə (mağazalar, ictimai nəqliyyat, kinoteatrlar və digər  yerlərə) getməməyiniz məsləhətdir.

Açıq havada oyunlara daha çox yer vermək lazımdır. Açıq havada hər hansı bir infeksiya xəstəliyi ilə xəstələnmiş uşaqdan yoluxma ehtimalı qapalı yerlərə nisbətən dəfələrlə az olur.

Əgər siz istənilən halda uşağınızı bağçaya verməli olsanız və ya o hər hansı inkişaf qrupuna və ya insanların daha çox toplaşdıqları yerlərə getməli olursa, bu halda onu soyuqdəymədən qorumaq üçün aşağıdakı ən sadə üsullardan istifadə edə bilərsiniz:

- çölə çıxmamışdan əvvəl uşağın burnunun selikli qişasına "Viferon" məlhəmi (və ya digər məlhəmi, həkimin məsləhəti ilə) sürtün.

- evə qayıtdıqdan sonra onun burnunun seliki qişasını apteklərdə satılan istənilən duz məhlulu ilə yuyun. Uşağın burnuna dəniz duzu məhlulu (bir stəkan suya 1 çay qaşığı olmaqla) damızdırmaq, bir qədər iri yaşda (3-4 yaşlarında) olan uşaqların isə boğazlarını da duz məhlulu ilə yaxalamaq olar.

- uşağınızı tez-tez əllərini yumağa öyrəşdirin - yeməkdən əvvəl, çöldən evə gəldikdə, tualetdən çıxdıqda və s. Həkimlər tez-tez təkrar edirlər ki, infeksion və parazitar xəstəliklərin çox hissəsi məhz çirkli əllərdən keçir. Bu xəstəlikləri hətta belə də adlandırırlar "çirkli əllər xəstəlikləri". Əllərini tez-tez yumağa öyrəşən uşaq bu xəstəliklərdən qorumuş olacaq.

- əgər valideynlərdən və ya evdə yaşanlardan hər hansı biri soyuqlamış olarsa, mütləq xüsusi maska geyinmək, uşaqla olan təması isə ən minimum həddə çatdırmaq lazımdır. Otağın havasının tez-tez dəyişdirilməsi və yaş əsgi ilə gündəlik silinməsi də uşağın xəstələnmə ehtimalını xeyli dərəcədə azaltmış olar.

4. Dördüncü kritik dövr - uşağın həyatın 4-6-cı illərini əhatə edir. Bu dövr uşaq orqanizminin keçirdiyi virus və infeksion xəstəliklər və aparılan vaksinasiyaların təsiri altında onun orqanizmində formalaşan aktiv immunitetin toplanması ilə xarakterizə olunur.

Əsasən məhz bu yaşlarında uşaqlar bağçaya və məktəbə getməyə başlayırlar. Bu dövrün ilk altı ay-bir ili ərzində uşaq kəskin respirator virus infeksiyaları (KRVİ) və ya uşaq infeksion xəstəlikləri ilə daha tez-tez xəstələnə bilər. Bu, ev şəraitində saxlanılarkən məhtud sayda insanlarla olan təmasdan sonra immunitetin "məşq etməsi" üçün təbii proses hesab olunur. Bir qədər səbirli olub uşağın immunitetinin "yetişməsini" - tam formalaşmasını gözləmək lazımdır.

Bəzi hallarda, xüsusən də, KRVİ keçirdikdən sonra ağır fəsadlar (bronxit, sinusit, pnevmoniya və s.) yarandıqda, uşağın bağçaya getməsini bir il müddətinə təxirə salmaq lazımdır. Çünki bu dövrdə bir sıra xroniki xəstəliklərin - xroniki tonzillit (angina), adenoidit və s. bu kimi xəstəliklərin formalaşması baş verə bilər. Bunun qarşısını almaq üçün kəskin infeksiyaları vaxtında və düzgün müalicə etmək tələb olunur.

5. Beşinci kritik dövr - yeniyetmə dövrüdür (qızlarda 12-13 yaşlarında, oğlanlarda isə 14-15 yaşlarında). Bu dövrdə limfoid toxuması olan orqanların (badamcıqlar, adenoidlər) kütləsinin azalması baş verir. Bu yaşlarda sintez olunmağa başlayan cinsi hormonlar immun reaksiyaları "boğmağa" başlayır. Bu dövrdə immmun reaksiyanın güclü və zəif tipləri formalaşmış olur.


Etiketlər:  Uşaq immun sisteminin formalaşmasının kritik dövrləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ