Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 13:52
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 12-də Vətənə qayıdıblar.
Gənclər və İdman Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, eləcə də Azərbaycan Güləş Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və güləşçilərin yaxınları iştirak ediblər. Güləşçilərlə görüşən nazir onları təbrik edib və uğurlar arzulayıb.
Çempionatda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər.
Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.