Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 19:03
Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.
Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.
Parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.
1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu, evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.
2. Propolis (bərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.
3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.
4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.
6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.
8. İslam ölkələrində istifadə olunan təbii diş fırçası olan misvak (və ya sivak) parodontoz zamanı çox yaxşı müalicəvi təsir edir. Misvak iltihabı azaldır, mikrobları öldürür, damaqları və dişləri möhkəmləndirir, diş daşı ilə əsalı şəkildə mübarizə aparır, dişləri ağardır və s. Ağacın kökündən hazırlanan misvak 100% təbii vasitədir.
Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.
Bütün bu vasitələr həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə oluna bilər.