Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 16:28
Bakı. Trend:
Bakı Nəqliyyat Agentliyinin (BNA) “Yol həyatdır” proqramı çərçivəsində həyata keçirilən “Nəqliyyat Agentləri” proqramının könüllülərinin iştirakı ilə “Bakubus” MMC və “STM” MMC-yə təcrübə səfəri təşkil edilib.
BNA-dan Trend-ə verilən məlumata görə, könüllülərə “Bakubus” MMC-nin yaranma tarixi, şəhər nəqliyyatının modernləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar, əldə olunan uğurlar, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ətraf mühitin qorunması “BakuBus” MMC-nin əsas fəaliyyət prinsiplərindəndir. İstehsalat bazasında avtobusların yuyulmasında istifadə edilən suyun emaldan sonra təkrar istifadə edilməsi də məhz bu prinsipə xidmət edir.
Könüllülər Sürücü Təlim Mərkəzinin ərazisini də gəzib, burada yaradılan şəraitlə tanış olub, Sürücü Təlim Mərkəzi və avtobus sürücüləri üçün təşkil edilən təlimlər, simulyatorların iş prinsipi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, Sürücü Təlim Mərkəzi tərəfindən həyata keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına imkan verir. Mərkəzdə keçirilən məşğələlər əsasən “Yol hərəkəti qaydaları”, “Nəzəri dərslər”, “Praktiki məşğələlər”, “Təhlükəsiz idarəetmə məşqləri” və sair mövzuları əhatə edir.
Qeyd edək ki, agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artırır, təcrübə səfərlərində iştirak edir və müxtəlif sosial aksiyalara cəlb olunurlar. Qeyd edək ki, 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin