Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 19:00
Şəhər icra nümayəndəliyindən M.Əsədov küçəsinin cari təmirinə söz verildi.
Bir var kənddə yaşayıb yol dərdi çəkmək, bir də var şəhərdə. Şabranın Məhəmməd Əsədov küçəsinin sakinləri uzun illərdir şəhərdə yaşasalar da özlərini ucqar kənddəki kimi hiss edirlər. Buna səbəb küçə yollarının acınacaqlı olmasıdır. Bunu kadrlardan da açıq-aydın görmək mümkündür. Sakinlərinin sözlərinə görə, ötən əsrin 70-ci illərində küçənin yolu asvalt olsa da sonradan sıradan çıxıb. Son 20 ildə isə cəmi 2 dəfə yola çınqıl döşənib. Uzun illər əsaslı təmir olunmayan yolda qışda palçıq yayda isə toz sakinlərin rahatlığını əlindən alıb.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, şəhər mərkəzinindən cəmi bir neçə yüz metr aralıda yerləşən Məhəmməd Əsədov küçəsi yerli məmurlar tərəfindən tamami ilə unudulub. Əks halda bir müddət öncə cəmi 1 km uzunluğu olan küçə yolunun əsaslı təmiri ilə bağlı verilən sözə əməl olunardı.
Sakinlərin yol probleminə cavab olaraq Şabran şəhər icra nümayəndəliyindən bildirildi ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsində cari təmir işlərinə başlanılacaq. O ki, qaldı küçənin asvalt olunmasına bu gələcək illər üçün nəzərdə tutulub.
Elə isə bizə sakinlərə gözaydınlığı vermək və yaxşı yol arzulamaq düşür. Yolunuz hər zaman düz olsun əziz sakinlər!.