Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 16:52
Bakı. Trend:
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral “İki sahil” qəzeti redaksiyasında olub.
Trend-in məlumatına görə, qonağı salamlayan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından danışıb.
Bildirib ki, bu gün ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədədir.
V.Rəhimzadə vurğulayıb ki, ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə təmin edilir:
“Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri müstəqil şəkildə fəaliyyət göstərirlər. Təbii ki, bütün bunların əsasında dövlətin bu sahəyə olan diqqət və qayğısı, azad medianın inkişafı üçün yaratdığı münbit şərait durur. Ölkəmizdə qeydiyyatdan keçən və fəaliyyət göstərən çoxlu sayda kütləvi informasiya vasitəsinin mövcudluğu bir daha söz və mətbuat azadlığının beynəlxalq standartlar səviyyəsində təmin olunduğunu nümayiş etdirir”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Azərbaycanda azad mətbuatın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir: “Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan çox mühüm addımlar atır. Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edilib, medianın sürətli tərəqqisi üçün müvafiq Fond təsis edilib. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu günə qədər 400-dən çox mətbuat işçisinə dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və hazırda da davam etməkdədir”.
V.Rəhimzadə səfirə “İki sahil” qəzetinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.
Səmimi görüşə görə “İki sahil” qəzetinin rəhbərinə öz minnətdarlığını ifadə edən E.Özoral ölkələrimiz arasındakı münasibətlərdən danışıb, həmçinin bütün sahələrdə, o cümlədən kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayıb.
Səfir Azərbaycana 1997-ci ildə, daha sonra isə 2005 və 2009-cu illərdə səfər etdiyini və hər gəlişində böyük inkişafın şahidi olduğunu dilə gətirib. “Biz 28 ildir ki, özümüzü daha güclü hiss edirik, çünki artıq müstəqil Azərbaycan var” deyən səfir Erkan Özoral öz hisslərini bu cür səmimi şəkildə ifadə edib.
“İki sahil” qəzetinin redaksiyası və kollektivi ilə yaxından tanış olan qonaq xoş arzularını çatdırıb, xatirə şəkli çəkdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin