Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 12:04
Bakı. İlhamə İsabalayeva - Trend:
Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da, dolayı yolla Xəzərə axıtmaqda davam edir.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə, dənizin şimal sahilində fəaliyyət göstərən “Təhsil”, “Elfaro”, “Oberluks”, “Palma”, “Atlant” və “Liverin”, Şıx çimərliyi ərazisində isə “Dostluq”, “Ramada” istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib:
"Tullantı suların təmizlənməsi günün əsas tələblərindən biridir. Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və başqa mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
O bildirib ki, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.
Nazirlik rəsmisi əlavə edib ki, Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir və bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur:
"Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür, eyni zamanda tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud olan qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur. Hesab edirik ki, belə neqativ halların baş verməməsi və bu sahədə mövcud problemlərin həll olunması üçün ictimai nəzarət daha da gücləndirilməlidir. Yəni hər bir çirkləndirici qınaq obyektinə çevrilməlidir ki, onlar bəlkə bundan sonra nəticə çıxarıb öz fəaliyyətlərində dönüş yaradarlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin