Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 16:48
Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az-ın birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Konservləşdirmə zamanı diqqət edilməli məqamlar” haqqında olacaq.
Qışa hazırlıq məqsədi ilə əksər insanlar mürəbbə turşu və bir sıra digər konservləşdirilmiş məhsullar hazırlayaraq tədarük görməyə başlayırlar. Günəş altında qurutma, duza və turşuya qoyma, təbii soyuqdan istifadə olunmaqla məhsul konservləşdirilməsi həyata keçirilir.
Konservləşdirilmədən geniş istifadə olunmasına baxmayaraq, bu emal prosesi xüsusi diqqət və nəzarət tələb edir. Emal prosesində edilən hər hansı səhv konservləşdirilən məhsulun istehlak xassələrinə, eləcə də insan sağlamlığında ciddi problemlər yarada bilər. Buna görə də istehsalçılar məhsulların konservləşdirilməsində təhlükəsizlik tədbirlərini bilməli və onlara ciddi əməl etməlidirlər.
İlk növbədə qida maddələrinin itkisinin minimuma endirilməsi və məhsulun dad-tam keyfiyyətinin maksimum qorunub saxlanılması üçün uyğun konservləşdirmə üsulu seçilməlidir. İstifadə olunan əsas və yardımçı xammalın keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə cavab verməlidir. Konservləşdirmədə istifadə edilən tara və qablaşdırıcı materialların tərkibində insan sağlamlığına zərərli və toksiki maddələr olmamalıdır. Eyni zamanda konservləşdirilmiş ərzaq məhsullarının saxlanılması zamanı baş verə biləcək mənfi prosesləri minimuma endirmək məqsədi ilə saxlanma şərtlərinə əməl edilməlidir.
Bu tədbirlərə riayət olunmadığı təqdirdə məhsul mikroorqanizmlərin təsirinə məruz qala bilər və nəticədə bir çox xəstəliklər meydana çıxır ki, buna misal olaraq botulizm xəstəliyini qeyd etmək olar.
Botulizmi törədən bakteriya clostridium botulinumdur. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən "hazırlanan" toksin - botulotoksin - ciddi bioloji təhlükə hesab olunur. Əgər ev şəraitində turşu, tərəvəz salatları, kompot, mürəbbə və digər konservlər üçün hazırlanan meyvə və tərəvəzlər kifayət qədər yaxşı təmizlənib yuyulmursa, yaxud düzgün sterilizasiya olunmursa, daha sonra uyğun olmayan şəraitdə saxlanılırsa, bu bakteriyalar üçün ən "əlverişli" mühitdir.
İstehsal zamanı sanitar-gigiyenik rejimlərə, sterilizasiya parametrlərinə, saxlanma rejiminə və ya taranın hermetikliyinə düzgün əməl edilmədikdə konservlər xarab olur. Adətən botulin toksinləri əmələ gəlmiş məhsullar xarici görünüşünə görə zay təsir bağışlayır: toxumalar yumşalır, yad qoxu gəlir, qaz yaranır. Bu zaman konserv bankaları şişir və “bombaj” əmələ gəlir. Bu botulizm toksini ilə yoluxmuş məhsulu xüsusilə təhlükəli edir. Elə hallara da təsadüf olunur ki, məhsulda toksin tapılsa da bu, onun xarici görünüşü, dadı və iyində kənar xüsusiyyətlərlə özünü büruzə vermir. Belə məhsullarda nəzərə çarpmayan zəhərlənmə baş verə bilir.
Bombaj alt və üst qapağı şişmiş və barmaqla basılan zaman vəziyyəti normal olmayan bankalardır. Bombaj həqiqi (mikrobioloji və kimyəvi) və aldadıcı (fiziki) ola bilər. Mikrobioloji bombajın yaranma səbəbi daşınma və saxlanma zamanı bankaların yerinin dəyişdirilməsi, tərkibinin çalxalanmasıdır ki, bu da bankaların hermetikliyinin pozulmasına, məhsulun tərkibində bakteriyaların inkişafına şərait yaradır.
Kimyəvi bombaj zamanı məhsuldakı turşuların tənəkəyə təsiri nəticəsində hidrogen ayrılır. Toplanmış hidrogen daxildən təzyiqi artırır, buna görə də bankanın üst və alt qapaqları şişir. Barmaqla basdıqda əvvəlki normal vəziyyətini almır. Kimyəvi bombaj zamanı məhsulun tərkibinə qalay, dəmir, bəzi hallarda qurğuşun da keçir.
Fiziki bombaj bankaya aşağı temperaturlu məhsulun yığılması, bankanın kəskin deformasiyaya uğraması, məhsulun donması və s. səbəblərdən əmələ gəlir. Mikrobioloji və kimyəvi bombajdan fərqli olaraq fiziki bombaj zamanı barmaqla şişmiş tərəflər basıldıqda əvvəlki vəziyyətinə qayıdır.
Mikroorqanizmlərin konservləşdirilmiş məhsullara təsir etməsini, eləcə də bombaj baş verməsinin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edilir. Bunlara misal olaraq sterilizasiya və tindalizasiya proseslərini göstərə bilərik.
Sterilizə mikrobların məhv edilməsi məqsədi ilə konservlərin lazımı temperaturda hazırlanmasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin