Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 19:27
2011-ci ildən davam edən Suriya münaqişəsinin yaxın gələcəkdə yekunlaşması ehtimalı regionda maraqlı olan bir sıra qüvvələri xeyli aktivləşdirib. Bu münaqişədə maraqlı olan qüvvələrdən biri də ermənilərdir və onlar da bu ölkədəki fəaliyyətlərini daha da intensivləşdiriblər. Yazıda ermənilərin Suriyadakı fürsətcil addımları barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq üçün əvvəlcə Suriya erməniləri barədə qısa məlumat verilir, daha sonra ermənilərin 2019-cu ildə Suriyadakı fəaliyyətləri xronoloji ardıcıllıqla təhlil olunur.
Sonxeber.net politicon.co-ya istinadən bildirir ki, mövzunun Azərbaycan ictimaiyyəti üçün aktuallığının fikrimizcə, ən azı dörd səbəbini vurğulamaq olar. Birincisi, rəsmi məlumata əsasən, münaqişə dövründə iyirmi min Suriya ermənisi Ermənistana qaçıb ki, onların da bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülüb. Həmin ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlara, əsasən Qubadlının Xanlıq kəndinə, eləcə də Laçın və Zəngilana yerləşdirildiyini sübut edən müxtəlif vizual materiallar mövcuddur.
Laçın rayonunda Suriya erməniləri üçün yeni tikilən evlər
Hətta Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə bir neçə bəyanat verib və BMT-dəki Daimi nümayəndəmiz də məsələni Baş Assambleyada dilə gətirib. Narahatlıq yaradan məqam o odur ki, Suriyadakı münaqişə yekunlaşdıqdan sonra həmin ermənilərin geri qayıdıb-qayıtmayacaqları və ya hansı status əldə edəcəkləri hələ də məlum deyil. Bütün bunlar işğal olunmuş ərazilərimizdə ermənilərin yeni bir məskunlaşdırma siyasəti barədə qaranlıq məqamların olduğuna dəlalət edir.
Ermənistanın suriyalı qaçqın siyasətinə gəldikdə isə, bunun tamamilə etnosentrik olduğu və ultramillətçi çalarlar daşıdığı aydın görünür. Belə ki, Ermənistan 20 min Suriya ermənisini qaçqın olaraq qəbul etdiyi üçün Avropa İttifaqından 3 milyon avro yardım alıb. Ancaq Yerevanın qəbul etdiyi insanlar arasında nə suriyalı ərəb, nə də başqa millətdən olan qaçqınlar var. Suriyadan gətirilən qaçqınlara dərhal Ermənistan vətəndaşlığı təklif edildiyi də bildirilir. Öz vətəndaşlarını sırf azərbaycanlı olduqları üçün deportasiya edən Ermənistan dövləti, başqa ölkənin vətəndaşı olan erməni əsilli kimsələrə tərəddüd etmədən vətəndaşlıq verir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
İkinci səbəb iqtisadi amillərlə bağlıdır. Belə ki, Suriyadakı gələcək proseslərdən ermənilər külli miqdarda vəsait əldə etmək istəyirdilər. Onların əsas məqsədi Suriyadakı yenidənqurma və bərpa işlərində aktiv iştirak etmək idi. Burada həm Ermənistanın dövlət şirkətlərinin, həm də erməni özəl təşəbbüslərinin iştirak etməsi planlaşdırılırdı. Bu da Azərbaycan dövlətinin Ermənistanı iqtisadi blokadada saxlamaq siyasəti yürütdüyü bir vaxtda ermənilər üçün əlavə gəlir mənbələri yaratmalı idi.
Üçüncüsü, ermənilərin Suriyadakı fəaliyyətlərinə artıq Rusiyanın da himayəçilik etməsidir. Rusiyanın Suriya münaqişəsində dominant gücə çevrilməsi ermənilər üçün daha geniş imkanlar yaradır. Biz artıq belə hallara Rusiyanın müdaxilə etdiyi digər münaqişələrdə də şahid olmuşuq.
Dördüncü səbəb isə daha universal xarakterlidir. Aydındır ki, ermənilərin bütün növ fəaliyyətlərinin bünövrəsində anti-türk motivasiyası dayanır. Digər ifadə ilə, erməni dövləti və təşkilatları öz mövcudiyyətlərini anti-Türkiyə və anti-Azərbaycan ritorikası ilə qidalandırır. Həmin ritorikanın Suriyada da davam etdiriləcəyinə heç bir şübhə yoxdur.
Məlumdur ki, ermənilər Suriyaya Birinci Dünya Müharibəsi (1914-1918) dövründə kompakt şəkildə yerləşiblər. Onlar Suriyanın əsasən şimal və şərq əyalətlərinə Osmanlı ərazilərindən köç ediblər. Suriya ermənilərinin dəqiq sayları haqqında müxtəlif mülahizələr mövcud olsa da, ümumilikdə bu rəqəmin 100 min radələrində olduğu bildirilir. Bununla belə, ermənilər bu ölkədə çox geniş təşkilatçılıq fəaliyyətləri aparırlar. 2010-ci ilədək Suriyada 40-a yaxın erməni kilsəsi, onlarla erməni vəqf və təşkilatı fəaliyyət göstərirdi. Suriyadakı ermənilərin böyük əksəriyyəti qriqoryan məzhəbinə mənsubdur. Onların çoxu Livandakı Erməni Katolikosluğunun Kilikiya Erməni Dini Evinə bağlıdır. Lakin Suriya erməniləri arasında katoliklər və yevangelistlər də var ki, onlar da xeyli aktivdir. Bundan əlavə onu da qeyd edək ki, Suriya erməniləri Ermənistan siyasətində də xüsusi rol oynayıblar. Təkcə sabiq prezident Levon Ter-Petrosyanın və sabiq xarici işlər naziri Vardan Oskanyanın Suriya ermənisi olduğunu qeyd etmək kifayətdir.
Hazırda Suriya münaqişəsi beynəlxalq arenada ən həssas məsələlərdən biridir və Suriyadakı hər hansı bir fəaliyyət supergüclər - Rusiya və Amerika Birləşmiş Ştatları tərəfindən yaxından izlənilir. Elə buna görə də, ermənilər Suriyadakı fəaliyyətlərində rəsmi və qeyri-rəsmi əlaqələrlə yanaşı, "yumşaq güc" (kilsə, diaspora, müxtəlif biznes sahələri) vasitələrindən də istifadə etməyə çalışırlar. Beləliklə də, ermənilər Suriyadakı fəaliyyətlərini "humanitar" səbəblər (insani yardımlar, Suriya ermənilərinə maddi kömək və dini məbədlərin qorunması və bərpa edilməsi) pərdəsi arxasında gizlətməyə cəhd göstərirlər. Bununla da, onlar Suriya fəaliyyətlərində Qərb və Rusiya arasında balans yaratmağa çalışırlar. Lakin ermənilərin Suriyadakı "balanslaşdırma" cəhdinin uğursuzluqları və bunun nəticələri bir neçə dəfə beynəlxalq müzakirə mövzusu olub və rəsmi Yerevanı çətin vəziyyətə salıbdır. İndi isə ermənilərin 2019-cu ildə Suriyadakı bəzi fəaliyyətləri ilə daha ətraflı tanış olaq:
Yanvar: İrəvandakı Suriya Ermənilərinin Əlaqələndirilməsi cəmiyyətinin sədri Corc Barseqyanın rəhbərliyi ilə Suriyaya səfər edən bir qrup erməni iş adamı prezident Bəşər Əsədlə görüşüb. Barseqyan, bu görüş barəsində Ermənistan mətbuatına açıqlama verib. O, görüş zamanı ermənilərin Suriyada bərpa-yenidənqurma işlərində aktiv iştirak etməsi barədə müzakirələr aparıldığını bildirib. Bundan əlavə, görüşün nəticəsi olaraq, Suriyanın Deyr ez-Zor şəhərində "erməni soyqırımı" xatirəsinə tikilmiş kilsənin təmir edilməsi qərara alınıb. Qeyd edək ki, kilsə münaqişə zamanı sələfilər tərəfindən dağıdılıb. Görüşün "dini məbədin təmir edilməsi" pərdəsi altında mətbuata təqdim edilməsi isə aydındır ki, Qərb dairələrindən gələ biləcək tənqidlərin qarşısını almağa hesablanmışdı.
Fevral: Ermənistan hökumətinin Rusiyanın müraciətindən sonra Suriyanın Hələb şəhərində Moskva tərəfindən aparılan minatəmizləmə və tibbi dəstək missiyasına 83 nəfərlik heyətin göndərildiyini açıqlaması, Ermənistan daxilində və Qərb mətbuatında birmənalı qarşılanmadı. Ermənistan hökuməti dərhal məsələyə humanitar don geyindirməyə çalışaraq, missiyanın Hələbdə yaşayan erməni icmasının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olduğunu açıqladı. Lakin, Rusiya müdafiə naziri Sergey Şoyqunun Rusiyanın müraciətinə ilk cavab verən ölkənin Ermənistan olması səbəbilə erməni həmkarına təşəkkür etməsi bu humanitar bəhanənin yalan olduğunu göstərdi. Fevralın 13-də isə ABŞ Dövlət Departamenti Ermənistanın Rusiya ilə birgə keçirdiyi bu missiyanı qınadıqlarını və hərbi və ya humanitar sahədə Suriyaya müdaxilə edilməsini dəstəkləmədiklərini açıqladı. Bu addım, Nikol Paşinyanın "qərbyönümlü fiqur" imicini ciddi şübhə altına saldı və onun məhz Rusiyanın diktəsi ilə hərəkət etdiyini göstərdi.
Mart: Ermənilərin sponsorluğu ilə Suriyanın Hələb şəhərində Qırx Şəhid kafedralınının bərpası başa çatdı. Kafedralın bərpa xərclərinə 150 min nəfərin dəstək verdiyi açıqlandı. Məbəd 2015-ci ildə İŞİD tərəfindən dağıdılmışdı. Kafedralın açılışında Kilikiya Erməni Dini Evinin katalikosu I Aram iştirak edib. Qeyd edək ki, Hələbdə xeyli sayda erməni yaşayır və buradakı erməni diasporu aktiv fəaliyyət göstərir. Müharibədən əvvəlki dövrdə Hələbdə yaşayan ermənilərin sayının 60 mini ötdüyü, müharibə dövründə isə 20 mindən çox erməninin şəhəri tərk etdiyi bildirilir.
Aprel: Suriyanın İrəvandakı səfiri Məhəmməd Əhməd Həc İbrahim Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanla görüşüb. 2017-ci ildə səfir təyin edilən bu şəxsin çox aktiv fəaliyyət göstərdiyi, Ermənistanda dövlət və hökumət rəhbərləri daxil olmaqla, dini, hərbi və iqtisadi sferanın yuxarı eşalonları ilə mütəmadi görüşlər keçirdiyi bildirilir.
Macarıstandakı Reform Olmuş Kilsənin (Reformed Church in Hungary - RCH) bir qrup üzvü Dəməşqə səfər edərək Erməni Müqəddəs Sərkis Kilsəsində Suriyadakı ortodoks və yevangelist erməni cəmiyyəti ilə görüşlər keçirib. Səfər zamanı, xüsusilə yevangelist erməni cəmiyyətlərinə Macarıstan hökuməti tərəfindən ayrılan maliyyə vəsaitlərindən söhbət açılıb. Görüş zamanı Suriyadakı erməni kilsələrinin gördüyü işlərin qısa icmalı açıqlanıb.
Suriyada 2019-2020-ci dərs ilindən etibarən qondarma erməni soyqırımı mövzusunun tarix dərsliklərinə salınacağı ilə bağlı xəbərlər erməni mətbuatında dərc olunub. Qondarma soyqırımından başqa, türklərin ermənilərə qarşı siyasəti və ermənilərin Suriyaya deportasiyası mövzularının da suriyalı şagirdlərə tədris ediləcəyi bildirilib.
Aprel ayının 24-də qondarma soyqırımın ildönümü günü Suriya Demokratik Güclərinin (SDG) rəsmi saytında 2017-ci ildə İŞİD tərəfindən öldürülən erməni terrorçu Nubar Ozanyan adına briqada yaradıldığı açıqlanıb. Briqadanın rəhbəri kimi Msis Botania şərti adı qeyd olunub. Onun haqqında sosial şəbəkələrdə və xəbərlərdə hansısa məlumat yoxdur. Qeyd edək ki, SDG terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-nin adının dəyişdirilməsi ilə formalaşdırılıb. PKK və erməni terror təşkilatı ASALA arasındakı əlaqələr heç kimə sirr deyil. Ancaq burada diqqət çəkən əsas məqam SDG-nin ABŞ-ın himayəsi altında olmasıdır. Yeni briqadanın yaradılması son aylarda Rusiya və Ermənistanın Suriyadakı birgə fəaliyyətinə qarşı ABŞ-ın cavab addımı kimi qiymətləndirilə bilər. Elə bu səbəbdən yeni briqadanın yaradılması barədə xəbərlər Ermənistanın əsas media saytlarında dərc olunmayıb.
"Nubar Ozanyan" erməni terror qruplaşmasının emblemi və əsgərləri
Digər tərəfdən xəbəri yayımlayan bəzi rus media orqanlarında isə briqadanın türklərə qarşı yaradıldığı xüsusilə vurğulanır. Qeyd edək ki, həmin dövrdə terror təşkilatı SDG-nin Suriyadakı əsas rəqibləri Türkiyə ordusu və Rusiyanın himayəsindəki Əsəd rejimi idi. Buna görə də, rus mənbələr Əsəd rejimi və erməni briqadası arasında aqressiyanın olmayacağına diqqət çəkməyə çalışırdı. Ancaq, ümumilikdə briqadanın qurulması xəbərinin rusyönümlü dairələrdə xoş qarşılanmadığı məlumdur. Bundan başqa, erməni briqadasının yaradılması kürdlər tərəfindən də birmənalı qarşılanmayıb. Kürdlər sosial şəbəkələrdə briqadanın döyüş bayrağında sadəcə Ermənistan bayrağının təsvir olunmasını sərt tənqid ediblər.
May: Kilikya Erməni Dini Evinin katolikosu I Aram Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Əsədlə görüşdə ikitərəfli münasibətlərdə tarixi əlaqələrdən söz açılıb. Lakin görüşdəki çıxışlarla bağlı bir sıra şübhəli məqamlar var. Erməni mətbuatı Əsədin "ermənilərin Suriyaya qayıtması və Suriyada yenidənqurma işlərində iştirak etməsi ilə bağlı çağırış etdiyini" xəbər başlığına çıxardıb. Ancaq, Suriya rəsmi xəbər agentliyi "SANA"-nın görüşlə bağlı dərc etdiyi materialda bu fikirlər qeyd olunmayıb. Ən maraqlısı isə erməni mətbuatının istinad elədiyi Kilikiya Erməni Dini Evinin rəsmi səhifəsində katolikos və Əsəd arasında görüş sadəcə saytın erməni dilli versiyasında əks olunub. İngilis dilli versiyada isə katolikos və Əsəd arasında olan görüşlə bağlı hər hansısa bir material mövcud deyil. Bu da, katolikosluğun Əsədlə yaxın əlaqələrinin Qərb tərəfindən tənqid olunacağından çəkindiyini göstərir.
Kilikiya Erməni Evinin rəsmi saytının erməni və ingilis dillərindəki versiyaları
İyun: Ermənistan tərəfi fevral ayında Suriyaya göndərilən minatəmizləyənlər və tibb işçilərindən ibarət qrupun yenilənəcəyini bildirib. Erməni mətbuatında həmin minatəmizləyənlərdən birinin ayağının amputasiya edildiyi açıqlanıb.
İyul: Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arakelyan erməni minatəmizləyən qrupun rus hərbi təyyarələri ilə daşındığını açıqlayıb, həmçinin erməni minatəmizləyənlərin Suriyadakı missiyası zamanı təhlükəsizliklərinin rus ordusu tərəfindən təmin edildiyini bildirib.
Avqust: SDG-nin nəzarətində olan Şimali Suriyadakı Həsəkə rayonunda erməni terrorçu Nubar Ozanyanın ölümünün ikinci ildönümü ilə əlaqədar hərbi parad keçirilib. Paradda "Nubar Ozanyan" erməni briqadası ilə birlikdə bir çox marksist-leninist terrorçu qruplaşmalar da iştirak edib.
Sentyabr: Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan mediada yayılan "ABŞ hökuməti Ermənistandan Suriyadakı hərbi fəaliyyətlərini dayandırmasını tələb edib" xəbərləri ilə bağlı açıqlama verib. Həmin xəbərlərdə həmçinin bu məsələnin erməni nazirlər arasında müzakirə olunduğu da yer alıb. Nağdalyan öz açıqlamasında yayılan xəbərləri təkzib edib və hərbi missiyanın məqsədinin Suriyadakı erməni icmalarını qorumaq olduğunu bildirib. Lakin bu bəhanə ABŞ-ın tələblərinə adekvat cavab deyil. Çünki Vaşinqton məsələnin humanitar olub olmadığı ilə maraqlanmır. Birləşmiş Ştatlar Paşinyan hökumətinin Rusiyanın "qanadları" altında Suriyada Əsəd rejimi ilə əməkdaşlıq etməsindən narahatdır.
Oktyabr: Bu ay ermənilərin xüsusi aktivlik göstərdiyi dövrdür. Belə ki, oktyabr ayında Türk Ordusu ölkənin sərhədlərində süni şəkildə yaradılmış "terror dəhlizi"nə müdaxilə etmək üçün Şimali Suriyada "Sülh Çeşməsi" əməliyyatına başlamışdı. Əvvəlcə, Paşinyan oktyabrın 14-də Suriyadakı erməni icmalarının təhlükəsizliyi ilə bağlı Putinə etdiyi müraciətinə dərhal reaksiya verildiyinə görə Rusiya prezidentinə təşəkkür edir. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Suriyadakı erməniləri qaçqın kimi qəbul edə biləcəklərini açıqlayır. Cəmi 22 min (hamısı da erməni əsilli olan) qaçqın qəbul edən Ermənistan dövləti ərəblər, kürdlər, assuriyalılar və türkmənlərin də daxil olduğu 4 milyona yaxın qaçqın axınını qəbul edən Türkiyəni etnik ayrı seçkilikdə günahlandırır.
"Sülh Çeşməsi" əməliyyatından öncə Donald Tramp ABŞ əsgərlərinin Suriyadan çıxarılması ilə bağlı əmr imzalayır və bununla da Vaşinqtona güvənən terrorist qruplaşmalar türk ordusu qarşısında sahibsiz qalır. Elə bu məqamda İrəvanda yaşayan "kürdlər" ABŞ səfirliyinin qarşısında "ciddi" etiraz aksiyası keçirirlər. Həmin dövrdə daha bir maraqlı məqam Türkiyənin Şimali Suriyadakı əməliyyatları dayandırması üçün Trampa müşavirləri tərəfindən qondarma erməni soyqırımının rəsmi şəkildə tanınması təklifinin edilməsidir. Əslində bu fakt "soyqırım" məsələsinin siyasi təzyiq vasitəsi olduğunu sübut edir. Həmin təklif bir sıra erməni mətbuatı tərəfindən də canfəşanlıqla təbliğ edilir. Ermənilərin "ümumxalq faciə" adlandırdıqları bu məsələnin geosiyasi vasitə kimi istifadə edilməsindən qürur duymaqları onların əsl məqsədlərini göstərir. Əsasən, Demokratların səyləri ilə "Soyqırım" layihəsi senatdan keçsə də, Türkiyə və ABŞ hökuməti arasında Suriya barədə razılıq əldə olunduğuna görə Tramp tərəfindən qəbul edilmir. Erməni məsələsinin böyük dövlətlər üçün sadəcə bir vasitə olduğu bir daha sübut olunur. Beləliklə, Putinlə başlayıb Trampla bitən erməni yalvarışları yenə də nəticəsiz qalır.
Noyabr: Erməni jurnalist Samson Martirosyan işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış Suriya ermənilərinin sosial həyatı barədə geniş reportaj hazırlayıb. Jurnalist, Suriya ermənilərinin əsasən Laçın, Qubadlı (Xanlıq), Zəngilanda (Mincivan və Məşədismayıllı) yerləşdirildiyini bildirib. Daha sonra həmin ermənilərdən 3-dən müsahibə alınıb. Müsahibin biri cavabında bildirib ki, "harada erməni yaşayırsa, ora bizim vətənimizdir". O, fikirlərini bu sözlərlə davam etdirib: "Bir insan bədəni kimi Ermənistan baş, Qarabağ ürək, Naxçıvan isə əldir. Biz hamısını sevirik." Suriyadan gələn erməninin dili ilə belə fikirlərin səsləndirilməsi reportajın propaqanda məqsədilə hazırlandığını sübut edir. Göründüyü kimi, humanitar adla həyata keçirdikləri layihədə belə işğalçılıq siyasətindən və yeni ərazi iddialarından əl çəkmirlər və sonra da özlərini dünyanın ən çox əzilmiş xalqı kimi təqdim edirlər.
Dekabr: Hələbdə "Mərhəmətli Anamız" erməni katolik kafedralının bərpa işlərindən sonra açılışı olub. Açılış mərasiminə Suriyanın baş müftisi və Roma Papasının Suriya təmsilçisinin də daxil olduğu bir sıra dini rəhbərlər qatılıb.
Suriya liderinin həyat yoldaşı, Suriyanın birinci xanımı Əsma Əsəd Dəməşqdə bərpa edilən 180 şagirdlik erməni məktəbinin açılışında iştirak edib.
Suriyadakı erməni cəmiyyəti üçün iki vacib açılışda ciddi bir məqam gözdən yayınmır. Belə ki, həm kafedralın, həm də məktəbin açılışında Ermənistan hökumətinin rəsmiləri və katolikos I Aram iştirak etmir. Bunun səbəbi, ABŞ prezidenti Trampın dekabr ayının 23-də imzaladığı "Sezar Aktı"dır. Həmin qanun layihəsi Əsəd rejimi ilə istənilən müstəvidə əməkdaşlıq edən şəxslərə və qurumlara sanksiya tətbiq edilməsini nəzərdə tutur. Burada həm siyasi, həm iqtisadi, həm də hərbi əməkdaşlıqdan söhbət gedir. Erməni hökumətinin ilin sonlarında Əsəd rejiminə qarşı məsafəli davranması da məhz "Sezar Aktı" ilə əlaqəlidir.
Eyni zamanda, Rusiyadan aldığı birbaşa göstərişlə minatəmizləyən qrup yaradaraq Əsəd rejiminə hərbi dəstək verən Paşinyan hökumətinin bu məsələdən geri addım atıb atmayacağı da xüsusi maraq doğurur.