Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2022 23:36
ABŞ hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan da təkbaşına iğtişaşların qarşısını ala bilər".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
"Qazaxıstanın təcili yardım üçün KTMT-yə müraciətinin mahiyyəti, bunu nə üçün etdiyi ilə bağlı suallarımız var. Biz bu məsələ ilə bağlı daha ətraflı məlumat almağa çalışırıq. Mənə elə gəlir ki, Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyətlə düzgün məşğul olmaq, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı şübhəsizdir. Qazaxıstan liderlərinin niyə hər hansı bir kənar yardıma ehtiyac duyduqları bizə aydın deyil", deyə Blinken əlavə edib.
ABŞ rəsmisi bildirib ki, Vaşinqton KTMT sülhməramlılarını və Qazaxıstan təhlükəsizlik qüvvələrini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.
Eyni zamanda, Blinken Qazaxıstandakı hazırkı iğtişaşların əsasında iqtisadi və siyasi səbəblərin dayandığı qənaətində olduğunu bildirib: "Biz, əlbəttə ki, KTMT sülhməramlı qüvvələrini və Qazaxıstan hüquq-mühafizə orqanlarını beynəlxalq insan hüquqlarına, sülh yolu ilə həlli dəstəkləyən standartlara hörmət etməyə çağırırıq. Yenə də ümid edirik ki, Qazaxıstan hökuməti özü etirazlara səbəb olan əsaslı iqtisadi və siyasi məsələləri tez bir zamanda həll edə bilər".