Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaur Tağızadənin tarixi qolunu çəkən fotoaparat

Zaur Tağızadənin tarixi qolunu çəkən fotoaparat

Tarix: 4 Sentyabr 2019 10:20

Düz 20 il əvvəl, 1999-cu il sentyabrın dördünün mənim ömrümdə əbədi iz buraxacağından əvvəlcədən heç nə xəbər vermirdi.

Bu gün bayram idi. Dünya futbolunun ulduzlarından qurulmuş Portuqaliya millisi Bakıda qonaq idi. Bu komandada sevimli klubum “Barselona”nın ulduzu Luiş Fiqu da çıxış edirdi. “Barselona”nın yeni transferi Simau Sabrozanı isə U-21-in iki gün əvvəlki oyununda görmüş, hətta penaltidən vurduğu qolun şəklini də çəkmişdim.

Əslində, oyun setyabrın 3-ü keçirilməli idi. Amma birinci hissədən sonra Tofiq Bəhramov adına stadionun projektorları xarab olduğundan UEFA-nın qərarı ilə sentyabrın 4-ü hər şey sıfırdan başlamalı idi. Bu bizim üçün yaxşı deyildi. Çünki, dünən birinci hissədə qol vurulmamışdı. Aşkar autsayderin aşkar liderlə bir hissədə olsa belə bərabərə qalması bizim üçün fantastik görünürdü. Amma komandanın baş məşqçisi Əhməd Ələsgərov fərqli düşünürdü. O oyundan əvvəlki mətbuat konfransında “Kamal Quliyev, Ədahim Niftəliyev olan yerdə Luiş Fiqu, Ruy Koşta kimdi?” demişdi. Əhməd müəllimin sözünü heç kim ciddiyə almamış “qocaldıqca təmiz başı qaçır” deyə düşünmüşdü. Həqiqətən də həvəskar Azərbaycan çempionatında oynayan bu futbolçular milyonluq dünya ulduzları qarşısında çox aciz görünürdü. Amma sonda hamı Əhməd Ələsgərovun necə dahi məşqçi olduğuna bir daha əmin oldu. Miıli komandamız mənim fikrimcə bugünəcən tarixində ən yaxşı oyununu keçirdi və ən yaxşı nəticəni qazandı.

Bu unudulmaz oyunda Zaur Tağızadənin vurduğu gözəl qolu “Futbol+” qəzetinin köhnə “Zenit” fotoaparatı ilə çəkmək isə mənim qismətimdə vardı. O zaman fotoreportyor kimi fəaliyyət göstərirdim.. Həm şəkil çəkirdim, həm də yazırdım. Demək olar qəzetin bütün heyəti belə universal idi. Həmin kadrı, həmin rakursdan, həmin keyfiyyətdə, həmin fotoaparatla çəkmək, “Zaporojets” avtomobili ilə “Fetrari”ni ötmək kimi bir möcüzə idi. İndiki ultramüasir fotoaparatlarla belə o cür kadr tutmaq çox çətin məsələdi. Amma mənim qismətim, həvəsim və Allahın istəyi ilə bu kadr da, o qol da, o oyun da bizim üçün çox mükəmməl alındı.

 

Mahir Rüstəmli fotonu görəndə dedi ki, “Röyter”də filan işləsəydin ən azı 50 dollar qiyməti vardı bu şəkilin. O zaman 50 dollar bizim üçün fantastik pul kimi görünürdü. Elə “peraşki dövrü”ndəki futbolçularımız üçün də az pul deyildi. Amma o fotonun dəyəri mənim üçün heç bir pulla ölçüləsi deyil. Düşünürəm ki, Azərbaycan futbol tarixi üçün də həmçinin. O kadrda hər şey var: hazırda “Bordo”nun baş məşqçisi olan və o zaman Milan “İnter”ində oynayan Paulu Souzanın sifətindəki bütün emosiyalar, o zaman Azərbaycan çempionatının birinci divizionunda MOİK-in şərəfini qoruyan Zaur Tağızadənin (yeri gəlmişkən, Ədahim Niftəliyev də o zaman Zaurun klub yoldaşı idi) emosiyası və dünyanın ən yaxşı qapıçılarından biri, UEFA tərəfindən qitənin ən yaxşı qolkiperi seçilmiş Vitor Bayanın ayaqları arasından keçən top. Təsəvvür edin ki, həvəskar Azərbaycan çempionatının güclülər dəstəsində belə çıxış etməyən 20 yaşlı bir futbolçu “Barselona”nın təcrübəli qapıçısının ayaqları arasından qol vurur!

Mən çox yazılar yazmışam. O cümlədən həmin oyundan sonra Zaur Tağızadədən yaddaqalan müsahibə götürmüşdüm və o müsahibədə qoyduğum “Qızıl oğlan” başlığı sonra Zaurun ömürlük ləqəbinə çevrildi. Amma mənim üçün bu sahədə gördüyüm ən dəyərli iş o fotodu. Çünki, Azərbaycan durduqca o foto xatırlanacaq və bəlkə ara-sıra müəllif kimi mən də yada düşəcəm. Çox adamlardan eşitmişəm ki, Azərbaycan futbol tarixində ən yaxşı fotodu. Bir zamanlar AFFA-nın köhnə binasında, AİJA-da, bir çox başqa təşkilatlarda o fotonu görmüşdüm. İndi bilmirəm hardasa qalır ya yox. Amma bu kadr tez-tez yada düşür. Məsələn, bu yaxınlarda Amal Abuşov mənə Moskvaya video göndərmişdi, Rəşad Rafiqoğluyla İdman Azərbaycanda verilişdə həmin kadrı və məni yada salırlar sağ olsunlar.
Arzu edirəm ki, milli futbolçularımız hər oyun formanın, himnin dəyərini 20 il əvvəl Portuqaliya ilə oyunda olduöu kimi versinlər. O ouun istənilən rəqibə qarşı motivasiya üçün əla əyani vəsaitdi. İndi Uels və Xorvatiya ilə oyunlarımız var. Mən inanıram ki, futbolçularımız 20 il öncəki kimi qorxmaz və döyüşkən əhvalda olsalar yenə bütün dünyanı təəccübləndirməyi bacararlar.

Anar ŞABANOĞLU

 


Etiketlər:  Zaur Tağızadənin tarixi qolunu çəkən fotoaparat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ