Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gizlində edilən saleh əməllərin üstünlüyü

Gizlində edilən saleh əməllərin üstünlüyü

Tarix: 26 Fevral 2022 23:20

Hörmətli müsəlman! Bəlkə də illərdir ki, Allaha ibadət edirsən, bəlkə də yenicə müsəlman olmusan.. Bilirsən ki, Cənnətə gedən yol, Allah rizası üçün -başda vacib olan əməllər olmaqla- edilən əməllərdən keçir.. Lakin, bilməlisən ki, yalnız Allah rizası üçün edilən əməllər - insanlar qarşısında deyil, təklikdə/gizlində olduqda daha böyük mahiyyəti və mükafatı olacaqdır. Bizdən öncəki xeyirli insanlarla bizləri fərqləndirən ən böyük amillərdən biri də əməlləri Allah ilə baş-başa - gizlində etməyə çalışmaları idi. Əziz müsəlman! Aşağıda qeyd olunmuş kiçicik nəsihət hamımız üçün çox önəmlidir.

Əziz Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur:

من استطاع منكم! أن يكون له خبيء من عمل صالح؛ فليفعل

"Sizdən kim 'xabi/gizli saleh əməl' edə bilirsə etsin!.." (Silsilətu's-Sahihə, 2313)

Hədisdə keçən "xabi" nə deməkdir?

'əl-Xabiyə' - Uca Allahdan başqa heç kimin bilməyəcəyi gizli Saleh əməldir və bu, ən üstün əməllərdəndir. Çünki o, riyadan və insanlara nümayişdən ən uzaq olan və ixlasa ən yaxın saleh əməldir..

Uca Allah belə buyurur:

فَمَنْ كَانَ يَرْجُوا لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

"Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı iş (saleh əməl) görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110)

Uca Allah başqa bir ayədə belə buyurur:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللهَ مُخْلِصِينَ لَهُ الدِّينَ

"Onlara, dini tək Allaha xas edərək ixlas ilə ibadət etmələri əmr edilmişdi..." (əl-Beyyinə, 5)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:

الأعمال الظاهرة لا تكون صالحة مقبولة إلا بتوسط عمل القلب، فإن القلب ملك والأعضاء جنوده، فإذا خبث الملك خبث جنوده

"Zahiri əməllər, qəlb əməlləri ilə birgə olmadıqca doğru və məqbul ola bilməz. Çünki qəlb, orqanların başçısıdır, orqanlar da qəlb`in əsgərləridir. (Başçı doğru yolda olduğu zaman, əsgərləri də doğru yolda olarlar.) O pozulsa, əsgərlər də pozular.."

Böyük səhabə Zubeyr ibnul Avvam (Allah ondan razı olsun) belə buyurur:

اجعلوا لكم خبيئة من العمل الصالح كما أن لكم خبيئة من العمل السيئ

"Pis əməllərinizi (insanlardan) gizlətdiyiniz kimi, saleh (yaxşı) əməllərinizi də gizlədin.."

Bu böyük səhabə burada bizə bunu öyrədir: Hər insanın gizlində etdiyi bəzi pis əməlləri vardır. İnsan öz günahlarını insanlardan gizlətdiyi kimi, saleh əməllərini də gizlətməlidir ki, Allah onun günahlarını da bağışlasın, saleh əməllərinin mükafatını da artırsın..

"əl-Xabiyə" - yalnız saleh qulların sifətidir. Nə münafiqlər, nə də yalançılar əsla bu sifətə nail ola bilməzlər. Çünki onların əməlləri insanlara nümayiş üzərinə qurulmuşdur.

Gizli əməlləri yalnız sadiq, saleh möminlər edərlər. Bu, insan ilə Rəbbinin arasındakı bərabərliyin bəzəyidir. Bəndə bilməlidir ki, şeytan bu cür gizli əməllərdən əsla razı olmaz və o kimsə bu əməli açıq şəkildə (gizlində olmamaqla) edənə qədər ondan əl çəkməz.. Çünki bü cür əməllər yayıldıqca bərəkət hasil olar və insanlar arasında yalnız xeyir yayılar. Təbii ki, şeytan da bunu qətiyyən istəməz..

Bizdən öncəki xeyirli nəsillər və gizli əməllər..

Əbu Bəkr (Allah ondan razı olsun) hər gün sübh namazını məsciddə qıldıqdan sonra gözləri görməyən yaşlı bir qadının evinə gedər evini süpürər mal-qarasını sağardı və bunu heç kim bilməzdi (hətta həmin yaşlı və kor qadın, hər gün evinə gələrək ona xidmət edən insanın Xəlifə Əbu Bəkr olduğunu bilməzdi!). Bir gün (onu izləyən və hər səhər hara getdiyini öyrənmək istəyən) Ömər b. Xattab (Allah ondan razı olsun) Əbu Bəkri izləyərək həmin evi tapdı və qadından Əbu Bəkr (Allah ondan razı olsun) haqqında soruşdu. Qadın, onun hər gün gəldiyini və etdiklərini izah edincə Ömər (Allah ondan razı olsun) ağlamağa başladı və dedi: - Vay halına ey Ömər! Sənmi Əbu Bəkrə (xeyir işlərdə) çatacaqsan?!

İmam Əbu Həzm (Allah ona rəhmət etsin) belə demişdir:

اكتم حسناتك أشد مما تكتم سيئاتك

"Pisliklərini gizlədiyindən daha çox etdiyin yaxşılıqları gizlət!"

Bişr ibn Həris belə demişdir:

لا يجد حلاوة الآخرة رجل يحب أن يعرفه الناس

"Bir insan, etdiyi əməllərini insanların da bilmələrini istədiyi müddətcə, axirətin şirinliyini/dadını hiss edə bilməz!"

Bişr (Allah ondan razı olsun) həmçinin belə demişdir:

لا تعمل لتذكر, اكتم الحسنة كما تكتم السيئة

"Əməllərinizi xatırlanmaq üçün etməyin! Pis əməllərinizi gizlədiyiniz kimi yaxşı əməllərinizi də gizlədin!"

Tabiin və zahidlərin imamı Əyyub əs-Səxtiyəni (Allah ona rəhmət etsin) belə demişdir:

لأن يستر الرجل الزهد خير له من أن يظهره

"Bir kimsənin etdiyi zahidliyi gizləməsi, onu aşkar etməsindən daha xeyirlidir!"

Əyyub əs-Səxtiyəni gecələri ibadət edər və bunu gizli edərdi. Səhər açıldıqda səsini yüksəldərdi ki, insanlar yeni qalxdığını zənn etsinlər..

İmam əz-Zəhəbi`dən (Allah ona rəhmət etsin) belə demişdir:

كانوا يستحبون أن يكون للرجل خبيئة من عمل صالح لا تعلم به زوجته ولا غيرها

"Onlar öz saleh əməllərini, nə xanımının, nə də başqa heç kimin bilməyəcəyi şəkildə gizli edilməsini müstəhəb görərdilər.."

Yuxarıda qeyd olunanlar, bizdən öncə yaşamış xeyirli nəsillərin həyatlarından çox kiçik və müxtəsər bir nümunələr idi. İbrət alaraq həyatımızı bərpa etmək üçün heç vaxt gec deyildir!


Etiketlər:  Gizlində edilən saleh əməllərin üstünlüyü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ