Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 23:46
Rus əsgərlərinin nəzarətində olan Çernobıl Atom Elektrik Stansiyasında vəziyyət daha da pisləşir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, mütəxəssislər stansiyaya elektrik enerjisi verilməsə, Çernobıl yenidən nüvə fəlakətinin mərkəzinə çevrilə biləcəyindən narahatdırlar.
Xatırladaq ki, nüvə tullantıları anbarı kimi istifadə olunan obyektin martın 9-da elektrik enerjisi kəsilib. Ehtiyat generatorların da yanacağı tükənir.
Qlobal təhlükəsizlik üzrə alim Ed Liman AES-dəki vəziyyətin belə davam etməsinin təhlükələrindən danışıb: "Soyuducu nasoslara elektrik enerjisi verilmədikdə, işlənmiş yanacaq hovuzu isinməyə başlayacaq. Su qaynayaraq yanacaq çubuqlarını açıb radioaktiv qaz buraxacaq".
Liman bildirib ki, əvvəllər stansiyanın girişində, radiasiya nəzarət məntəqəsində insanların bədənlərində nüvə çirklənməsi yoxlanılır, rus əsgərləri isə ayrı-seçkilik etmədən əraziyə girib-çıxırlar.
"Middlebury" İnstitutunun nüvə fizikası mütəxəssisi Ferenc Dalnoki-Verress də elektrik stansiyasının üzərindən yüksək sürətlə keçən döyüş təyyarələrinin reaktorlara zərər verdiyini açıqlayıb.
Dalnoki-Verress qeyd edib ki, yüksək sürətin yaratdığı vibrasiya yanacaq hovuzuna zərərli təsir göstərir. Alim həmçinin nüvə obyektinə bir raket və ya təyyarənin düşməsinin də böyük təhlükə yaradacağını ifadə edib.