Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 01:16
“İlk topu birinci hissənin son saniyəsində buraxdıq və qoldan dərhal sonra komandalar fasiləyə yollandılar. İkinci hissədə planımız hücum etmək idi. Xüsusilə, cinahlarda sürəti artırmalıydıq. Ancaq başlayan kimi qırmızı vərəqə almaqla azlıqda qaldıq".
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avro-2021-in seçmə mərhələsində doğma meydanda Gücüstana 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Onların “ikinci mərtəbə”də və standart vəziyyətlərdə yaxşı oynadıqlarını bilirdik. Rəqibin daha bir üstünlüyü sürətli əks-hücumlarda təhlükəli olmaqları idi. Buna baxmayaraq, hesabda geri olduğumuza görə, irəli atıldıq. Bu da müdafiədə azalmağımızı şərtləndirdi. Nəticədə, 2 dəfə əks-hücumda yaxalandıq. Zənnimcə, belə diskomfortun səbəbi çoxsaylı sarı vərəqələr idi. Hesab edirəm ki, Hacıağaya göstərilən ilk sarı vərəqə düzgün deyildi" - deyə o bildirib.
O, millimizin üzvlərinin öz komandalarında elə də çox oynamadığını söyləyib: "Bu gün meydandakı aqressiyaya görə isə onlara ancaq təşəkkur edə bilərəm. Çünki bu, Azərbaycan, bu forma, bu Vətən uğrunda döyüşmək üçün böyük istəkdən irəli gəlirdi. Futbolçularım ardıcıl ikinci qələbəni bayram etməyi çox istəyirdilər.
Son iki oyunu ümumiləşdirsək, keçirdiyimiz 4 hissənin 3-dən razı qaldım. Bugünkü görüşün 2-ci hissəsində də istəkli idik. Amma azlıqda qalmağımız öz sözünü dedi. Məqsədimiz hər oyunda futbol oynamaq və rəqibdən ən azı 1 top artıq vurmaqdır. Çox işləməliyik ki, sizin də, mənim də arzuladığımız nəticəyə qovuşaq”.