Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 23:30
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli sürücüləri nəqliyyat vasitələrini təhlükəli ərazilərdə park etməməyə çağırıb:
"Bu cür hava şəraiti ilə əlaqədar sürücüləri və piyadaları son dərəcə ehtiyyatlı olmağa, təhlükəsizlik qaydalarına daha çox əməl etməyə çağırırıq, avtomobillərini hündürmərtəbəli binaların, ağacların altında saxlamamalarını tövsiyə edirik.
Piyadalardan isə açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmağı xahiş edirik", - o bildirib.
Qurum rəsmisi xüsusilə yük maşınlarının sahibləri və sürücülərinə müraciət edərək, onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edib.