Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hamıyla çox gözəl yola gedirəm, bircə ondan başqa, o da məni hər zaman tənqid edir...”

“Hamıyla çox gözəl yola gedirəm, bircə ondan başqa, o da məni hər zaman tənqid edir...”

Tarix: 16 Aprel 2022 16:55

"Məcnun obrazını 143 dəfə oynamışam. Sonuncu dəfə bir neçə ay bundan əvvəl "Leyli və Məcnun" əsərinin yarandığı gün Məcnun kimi səhnəyə çıxdım. Bu həm də pandemiyadan sonra ilk tamaşam idi. Öz yetirmələrimlə çox gözəl bir tamaşa oynadım. Çox sevinirəm ki, tələbələrimlə artıq həmkar, tərəf müqabili oluram. Bu tamaşanı hamı çox sevir, bilet əldə etməyə tələsirlər. Hətta dostlarımızdan bir neçəsi biletsiz qalmışdı. İldə 1 yaxud 2 tamaşa oynayıram, istəyirəm ki, cavanlarımız oynasın. Hətta teatrdan getmək istəyirdim, dedilər ki, tamaşaçılar sizə görə bilet alıb teatra gəlir. Son illərdə muğam müsabiqəsinin 20-yə yaxın iştirakçısı Opera və Balet teatrına dəvət olunub. Mən də hər zaman onlara hər bir işlərində dəsətəyəm. Bu zəncir qırılmamalıdır, belə də davam etməlidir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a xalq artisti Mənsum İbrahimov bildirib.

Xalq artisti Mənsum İbrahimov formada qalmasının sirrindən də danışıb.

"Hər səhər saat 5-də yuxudan durub, idman edirəm, qaçıram. Təbii ki, hava soyuq olanda çıxmıram. Bir az səsimə görə ehtiyyat edirəm. Saat yarım içərisində 8-9 kilometr yol qət edirəm. Bu insanın sağlamlığı, formada qalmağı üçün çox yaxşıdır. Həyatda hər şey çərçivə içərisində olmalıdır. İstər yemək, istər geyim və s. 62 yaşım var, heç kim mənə bu yaşı vermir. Bəzən sual verirlər ki, 62 yaşlı insan üçün Məcnun rolunu oynamaq çətin deyil ki? Deyirəm ki, yox, çətin deyil! Çünki mən formadayam, şükür səsim də yerimdədir. Tamaşa olan günü həyatımı 2 həftə öncədən ona uyğun qururam. Hamıyla çox gözəl yola gedirəm, təkcə özümlə çox çətin yola gedirəm. O hər zaman içəridən məni tənqid edir. Heç vaxt heç kimdə səhv axtarmıram, hamıya sevgi ilə, xoşniyyətlə yanaşıram. Səhv axtaran insan tək qalar, dostsuz qalar. Paxıllıq hissi anadangəlmə bir xəstəlikdir, yaxşı ki, bu hissi Allah mənə verməyib" deyə xalq artisti bildirib.

Mənsum İbrahimov arzularından da danışıb.

"Vaxt var idi ki, gəncləri tənqid edirdilər ki, gəncliyimiz əmin əllərdə deyil. O tənqid etdiyimiz gənclər 44 gün ərzində tarix yazdılar, öz adlarını da tarixə yazdırdılar. İndi çox rahat şəkildə işğaldan azad olunmuş torpaqlara gedirik. Bu günümüzə min şükür. Hətta o torpaqları ayaqlamaq istəmirik ki, burada bizim şəhidlərimizin qanı tökülüb. Arzum budur ki, işğaldan azad olunmuş bütün torpaqları ziyarət edib, orada konsert verim" deyə xalq artisti bildirib.


Etiketlər:  Hamıyla çox gözəl yola gedirəm bircə ondan başqa məni hər zaman tənqid edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ