Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 11:39
ABŞ dövlət katibinin növbəti dəfə anti-Azərbaycan mövqe sərgiləməsi həm ikitərəfli münasibətlərə zərbə, həm də Ermənistan-Azərbaycan sülh danışıqlarını pozmaq cəhdidir; ekspertlərdən sərt mövqelər...
ABŞ dövlət katibi Entoni Blinken iki gün öncə Senatın xarici əlaqələr komitəsində çıxışı zamanı "Dağlıq Qarabağ məsələsi ilə bağlı göstərdiyi səylər"dən də danışıb. Deyib ki, o, "həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə çox fəal və birbaşa əməkdaşlıq edir".
Sitat: "Bir həftə əvvəl baş nazir Paşinyan və prezident Əliyevlə, eyni zamanda onların xarici işlər nazirləri ilə telefon söhbətim olub. Biz Dağlıq Qarabağ üzrə uzunmüddətli siyasi nizamlanmanı irəlilətməyə çalışırıq və etimadın möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər hazırlayır və irəli sürürük. Bizim sülh perspektivlərini irəlilətməyə kömək etmək üçün bir sıra proqramlarımız var. Biz xüsusən də Azərbaycan tərəfindən birtərəfli addımların atılmasının əleyhinəyik".
Göründüyü kimi, Blinken "Dağlıq Qarabağ", "Dağlıq Qarabağ" nizamlaması ifadələri işlədir, hətta "Azərbaycanın birtərəfli addımların (?!) əleyhinə olduğunu" söyləyir. Halbuki az öncə Rusiya kimi, ABŞ da Minsk Qrupundakı həmsədrliyini ləğv edib. Amma yenə köhnə bayatılar davam edir. Nə demək istəyirlər? Vaşinqton bizdən nə istəyir? Bunu Bakıya növbəti təzyiq cəhdi saymaq olarmı? Axı Azərbaycanla Ermənistan arasında məlum 5 prinsip əsasında normallaşma prosesinin artıq tarixdə qalan Dağlıq Qarabağ konfliktinə nə dəxli? Bu, İrəvanın köhnə ritorikasını təkrarlamaq deyilmi? Nəhayət, Azərbaycan Qarabağla bağlı hansısa addım atmazdan öncə Dövlət Departamenti ilə məsləhətləşməmi aparmalıdır? Bundan əvvəl də Blinken erməni faşizminə nəfəs verə biləcək davranışlar sərgiləyib ki, bu da anlaşılan deyil.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Yeni Müsavat"a dedi ki, əslində Cənubi Qafqazda sülh, barış, ortaq layihələrin işə düşməsi ABŞ-ın maraqlarına cavab verməlidir, məntiqlə: "Bu günlərdə ABŞ-ın Cənubi Qafqaz üzrə təmsilçisi də Bakıdaydı. Üstəgəl, ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri də Bakıda bir toplantı keçirdilər və onların hamısı Prezident İlham Əliyevlə görüşdü. Azərbaycan da ABŞ-la əməkdaşlıqda maraqlıdır, yetər ki, ABŞ erməni separatizminə dəstək verməsin, Konqresdə Azərbaycan əleyhinə qətnamələr qəbul olunmasın".
E.Şahinoğlunun sözlərinə görə, ABŞ Rusiyanın Cənubi Qafqazda inhisarçı mövqedə olmasını istəmir: "Bu bizim də maraqlarımıza cavab verir. Ona görə də bu sahədə Amerika ilə dialoqu davam etdirməyə hazırıq".
Politoloqun fikrincə, E.Blinken Cənubi Qafqazda reallıqları qəbul edir: "Reallıqsa bundan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazın əsas dövlətidir və bu əsasda da əməkdaşlıq qurulmalıdır. Qarabağ məsələsinə gəldikdə, amerikanlar da anlayırlar ki, artıq bu məsələ hamı üçün bitib, bu, Azərbaycanın daxili məsələsidir".
Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, politoloq Tural İsmayılov bildirdi ki, ABŞ-ın Qarabağla bağlı mövqeyi heç vaxt ədalətli olmayıb: "Bütövlükdə torpaqlarımızın 30 illik işğalı dövründə ABŞ Ermənistana beynəlxalq hüququn bərpası üçün nəinki təzyiq edib, əksinə, erməni aqressiyasına göz yumub. Amerikadakı erməni lobbisinin çirkli pulları ABŞ konqresmenlərinin bəzilərinin bütün ədalət meyarlarından uzaqlaşmağına səbəb olub. ABŞ administrasiyası daim ölkəmiz əleyhinə heç bir əsası olmayan "bəyanatlar" verib. Bundan sonrakı dövrdə də amerikan imperializmi bizim regionda daim Ermənistanı Rusiya forpostluğundan çıxarmaq üçün erməni diasporunun yalanları ilə Azərbaycan və Türkiyənin mövqelərini ifadə etməyən yanlışlıqlar edib. Vaşinqton Azərbaycanın xarici siyasət kursundakı rasional, neytral və güclü mövqeni həzm edə bilmir".
Ekspertin sözlərinə görə, ABŞ istəyir ki, Qafqazda Rusiya ilə düşmənçilik edib, Rusiyanın siyasi fokusunu və nifrətini qazanan biryanlı Qərb forpostları formalaşsın: "Blinkenin son açıqlaması da Azərbaycana təzyiq istəyini ehtiva edir. Ümumilikdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin Qarabağa dəxli yoxdur. Qarabağ suveren Azərbaycan ərazisidir, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İrəvanın məkrli nifrət ritorikasını təkrarlayıb Azərbaycanı nədəsə ittiham etmək ədalətsizlikdir, siyasi yanlışlıqdır. Azərbaycan öz suveren hüquqları ilə bağlı hansısa addımlar atanda Dövlət Departamenti də daxil heç bir üçüncü tərəflə məsləhətləşməməlidir".
QAT sədri Akif Nağı qəzetimizə dedi ki, biz maraqlarımızla bağlı aydın təsəvvürə malik olmalıyıq: "Bəziləri Qərbpərəst mövqedən çıxış edərək həmişə ABŞ-ın dediklərini müdafiə edirlər. Amma Vaşinqton həmişə münaqişənin ermənilərin xeyrinə həll olunmasına çalışıb. Qısa da olsa qeyd edim ki, ABŞ Konqresinin 1989-cu il iyul qətnaməsi, 1992-ci ildə qəbul etdiyi "907-ci düzəliş"i, 1998-ci ildə Dağlıq Qarabağa birbaşa yardımla bağlı qərarı, həmin il diplomat Telbottun iştirakı ilə ortaya gətirilən həll variantı - Ter-Petrosyan məhz o vaxt həmin həll layihəsi ilə bağlı demişdi ki, bunu götürmək lazımdır, sonra Azərbaycan onu da verməyəcək - 2001-ci Ki-Uest prosesi , 2007-2008-ci illər Madrid prinsipləri və sair,- bütün bunların hamısı Azərbaycanın əleyhinə indi. ABŞ indi də anti-Azərbaycan mövqeyindədir, bütün cəhdlərlə çalışır ki, İkinci Qarabağ müharibəsinin nəticələrini ləğv etsin və ya heçə endirsin. Bunun üçün status məsələsini daim gündəmdə saxlayır, bu müstəvidə danışıqların başlanmasını təkidlə gündəmə gətirir".
A.Nağı hesab edir ki, Blinkenin Senatdakı son açıqlaması, ABŞ diplomatlarının dəstə ilə Bakıya səfəri həmin siyasətə xidmət edir: "Böyük ehtimalla, Vaşinqton Azərbaycanla münasibətlərdə təzyiq mövqeyindən çıxış edir. Fikir verdinizsə, Blinken Ukraynaya səfər etdi, oradan qayıdan kimi bu sərsəm açıqlama ilə çıxış etdi, Ukrayna məsələsinə isə o qədər də yer ayırmadı. Nə üçün belə etdiyi aydın deyil. O, "Dağlıq Qarabağ" ifadəsini işlədir. Deyək ki, bunu ermənilərə xoş gəlmək, erməniləri ümidləndirmək üçün edir. Bəs Azərbaycanı "birtərəfli hərəkətlərdə" ittiham etmək nə deməkdir? Aydındır ki, burada Azərbaycanın Rusiya ilə müəyyən məsələləri razılaşdırması onlarda qıcıq doğurur. Rusiya XİN rəsmisi Zaxarovanın "danışıqlarda Azərbaycanın təklif etdiyi prinsipləri əsas tuturuq" ifadəsi bəzi məqamlara aydınlıq gətirir.
Hələlik dəqiq nəyisə demək mümkün deyil, amma bu, Azərbaycan-Rusiya razılaşmasının ilkin görüntüləri Vaşinqtonu bərk əsəbiləşdirib. Blinkenin də birdən-birə bu cür sərt, hətta diplomatik etikaya sığmayan açıqlaması da hansısa proseslərin getdiyindən və həmin proseslərdən ABŞ-ın kənarda qalmasından xəbər verir. Belə görünür ki, rəsmi Bakı Vaşinqtonla məsləhətləşmələr aparmır, bundan onlar qıcıqlanırlar. Amma hər şey məntiqə bağlıdır, əgər ABŞ 30 il ermənipərəst mövqe sərgiləyibsə, bu gün də həmin siyasəti davam etdirirsə, Azərbaycan onlarla hansı məsləhətləşmələri apara bilər? Vaşinqton, Blinken, elə qoca Bayden vəziyyətlə bağlı inciyirlərsə, bunun günahını özlərində axtarsınlar".
"ABŞ dövlət katibi Blinkenin Qarabağ münaqişəsi ifadəsini işlətməsi nəyisə dəyişməyəcək. Artıq münaqişə həll olunub və ABŞ həmsədri də Minsk Qrupu formatında deyil, Cənubi Qafqaz nümayəndəsi kimi xarakterizə edilir".
Bu fikirlər isə politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur. Ekspert xatırlatdı ki, 30 il ərzində ABŞ həmsədr olaraq münaqişənin həllinə töhfə vermədi: "Ermənistan Azərbaycanın 5 şərtini qəbul edib, Avropa İttifaqı vasitəçilik edir. Vaşinqton Ermənistanın artıq dilə gətirmədiyi münaqişə sözündən istifadə edir. Görünür ABŞ Azərbaycana təzyiq edir və Rusiya ilə Moskvada imzalanmış müttəfiqlik bəyannaməsindən narahatdır. Əslində ABŞ bu kimi məsələlərdən narahat olmaqdansa, Azərbaycana daha çox dəstək verməklə rəsmi Bakı ilə əlaqələri daha yüksək səviyyəyə qaldırsa, daha yaxşı olar. Dövlət katibinin bu açıqlaması hazırkı məqamda Rusiyanın maraqlarına xidmət edir. Ermənistan baş nazirinin də məhz bu kimi açıqlamalardan narahat olduğunu istisna etmirəm. Çünki Nikol Paşinyan da parlament tribunasından Qarabağ məsələsilə bağlı iddialardan geri çəkilməyin zəruriliyindən bəhs edib və sülh üçün addımlar atacağını vurğulayıb". M.Əsədullazadə qeyd etdi ki, ABŞ-ın bu yanaşması bir qrup erməni lobbisinin və Qarabağ klanının mövqeyini əks etdirir: "ABŞ səmimi şəkildə vasitəçi olmaq istəyirsə, reallığı qəbul etməlidir. Əgər "Qarabağ məsələsi" deyib duracaqlarsa, itirən tərəf Vaşinqton olacaq və regionda mövqelərini zəiflədəcək. Vaşinqton başa düşməli və qəbul etməlidir ki, bu ritorikaları Ermənistanın əleyhinə işləyir və Azərbaycan heç vaxt Qarabağ məsələsi var kimi çıxış etməyəcək. Azərbaycan Dövlət Departamenti ilə onda məsləhətləşər ki, onlar ədalətli mövqe ortaya qosunlar".
Heç şübhəsiz, ABŞ dövlət katibinin növbəti dəfə anti-Azərbaycan mövqe sərgiləməsi həm ikitərəfli münasibətlərə zərbə, həm də Ermənistan-Azərbaycan sülh danışıqlarını pozmaq cəhdidir. ABŞ-dan və digər havadar dairələrdən verilən stimullaşdırıcı açıqlamalardır ki, Ermənistan və Qarabağdakı separatçılar növbəti dəfə revanşist cəhdlər göstərirlər.
Elə Blinkenin bəyanatlarının ardınca İrəvanda Ermənistanın baş naziri N.Paşinyanın Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanı və başının dəstəsini qəbul edərək, Qarabağdakı vəziyyəti, orada icra edilən layihələri müzakirəyə çıxarması sülh prosesinə zərbədir. Bir müddət əvvəl reallıqla barışmağa çağıran Paşinyan yenə də təxribatçı davranışlar sərgiləyir. Günah təkcə onda deyil, təbii ki, həm də okeanın o tayından gələn təhlükəli mesajlar verənlərdədir...