Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 22:21
Bakı. Trend:
Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlətimizin başçısı deyib: "Biz əsas infrastruktur layihələrini icra etdik. Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var. Aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin