Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 19:15
Hal hazırda kompüterlər həyatımızın bir çox sahələrində istifadə olunur.
Bir çox peşələri kompütersiz hətta özünə təsvir etmək mümkün deyil. Bəli, kompüterlər işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin bu bizim sağlamlığımızın hesabına baş verir.
Kompüterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə ciddi ziyan vurulur.
1. Belə ki, kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olur. Bu isə onurğa sütunda müxtəlif ağır və geriyədönməz dəyişikliklərə səbəb olur. Osteoxondroz (xüsusilə boyun osteoxondrozu), onurğa sütunu yırtıqları belə insanlarda kompüterdə işləməyən insanlarla müqayisədə daha tez-tez müşahidə olunur.
Bundan əlavə uzun müddət ərzində oturan insanda bədənin aşağı hissəsində qan durğunluğu yaranır. Bu isə toxumaların qidalanmasında pozulmalara səbəb olur, damarların divarlarını zədələyir. Nəticədə bu qrup insanlarda kişi və qadın cinsiyyət sistemi pozulmaların, babasilin inkişafı riski olduqca çoxalır. Kişilərdə bu prostatitin inkişafına təkan verir.
2. Kompüterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində kompüterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kömpüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişafı riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir.
Oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, "monitor xəstəliyi". "Monitor xəstəliyi" zamanı gözün akkomodasiya qabiliyyəti (gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşma) pozulur. Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda, göz bülluru öz əyriliyini dəyişir. Bu normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompüterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər.
Daha bir yeni termin "quru göz sindromu". Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.
Kompüterdə işləyən insan 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur və bu müxtəlif pozulmalara səbəb olur. Gözlər yanmağa başlayır, qaşınır, qızarır, qözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur.
Göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir və gözə havadan və s. düşən müxtəlif infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda, bu gözdə infeksiya riskini artırır.
3. Uzun müddət ərzində kompüterdə işləyən insanın barmaqlar və əllərin oynaqları və əzələləri və bazu önü əzələləri daim güclü gərginliklərə məruz qalır ki, bunun nəticəsində bu hissələrdə tez-tez təkrarlanan ağrılar, qıcolmalar olur. Belə ağrılar hətta insanı yuxuda narahat edir, oyanmağa vadar edir
4. Kompüterdə işləyən insanların əksəriyyəti gün ərzində çoxlu müxtəlif məlumatlarla işləyir, bu məlumatları analiz edir, müxtəlif məsələləri həll edirlər. Bütün bunlar isə insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır. Bu isə xroniki streslərə, xroniki yorgunluq sindromuna səbəb olur.
Uzun müddət ərzində kompüterdə işləyən insanlarda güclü və tez-tez təkrarlanan baş ağrıları, qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanması kimi simptomlar yaranır.
Kompüterdə uzun müddət ərzində işləyən insanlarda spesifik psixiki pozulma olan "kompüter asılılığı" yarana bilər.
5. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda azhərəkətlilik və xroniki streslər ürək-damar sistemi pozulmaların, şəkərli diabetin riskini artırır.
Həzm sistemində də müəyyən pozulmalar yaranır - qəbizlik və s.
Təbii ki, kompüterlərdən tam imtina etmək mümkün deyil. Lakin onların bizim orqanizmimizə olan mənfi təsirini azaltmaq mümkündür.
- Bunun üçün işinizdə hər 30 dəqiqədən bir bir neçə dəqiqəlik fasilə edin, ayağa qalxın, gəzişin.
- Hər 20-30 dəqiqədən bir gözlərinizi monitordan çəkib uzağa (pencərədən çölə və s.) baxın.
- Kompüterdə oyunlar oynamayın, İnternetdən lazım olandan artıq istifadə etməyin.
- Məntləri mümkün qədər monitorda yox, kağızda oxuyun (çap edin və oxuyun).
- Kompüterdə hər hansı sizdən asılı olmayan proses getdikdə, monitora baxmayın. Telefonla danışdıqda, fikirləşdikdə monitora yox, uzağa baxın.
- Monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməlidir.
- Daha tez-tez açıq havada olun, sağlam qidalanın, idmanla məşğul olun, kifayyət qədər yatın və dincəlin.