Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2019 17:04
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi, demək olar ki, hər hansı bir qanun pozuntusuna yol verilmədi.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, mərasimdə iştirak edən hər kəs öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib: “Hər kəs sərbəst şəkildə həmin dini mərasimlərdə iştirak etmək imkanı əldə etdi. Biz də Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə bu prosesdə həmrəylik nümayiş etdirdi”.
M.Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib:
“Zəncirvurma hadisələri Aşura mərasimi keçirilən ölkələrdə özünü biruzə verir. Bu, dinimiz tərəfindən də qəbul olunmayan bir haldır. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə biz bunu görməkdəyik. Azərbaycanda 15 il və ya ondan da əvvələ nəzər salsaq, belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. O hallların da qarşısı imamların müdaxiləsi ilə dərhal alınıb. Hesab edirik ki, gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin