Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2022 10:04
Bakının gecə həyatı bir başqa dünyadır. Xüsusən də mərkəzi küçələr, ordakı əyləncə məkanları... Gecə 12-dən sonra ora çıxmısansa, özünü fərqli şəhərdə, əsrarəngiz dünyada hiss edirsən... Ətrafdan eşidilən əcnəbi səslər, ərəb, pakistanlı turistlərin üstünlük təşkil etdiyi gecə klubları, diskotekalar. İşbazlar da sanki bütün gecə həyatını və ümumən şəhərin mərkəzini bu kontingentə uyğunlaşdırıblar, onlar üçün dizayn ediblər. Ərəb dilində mahnılar, obyektlərin üzərindən asılan ərəb əlifbası ilə yazılan adlar... Hətta bərbərxanalar da xarici turistlərə hesablanıb: hər şey turist üçün, hər yer turist ümçün..
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Gecə "Tarqovu"da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...
Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa...
Amma nəzərə alaq ki, turistlər və onların əyləncə anlayışları da bir-birindən kəskin fərqlənir. Məsələn, avropalı, eləcə də ingilis turistlərin yığışdığı publarla, ərəblərin yığışdığı publar arasında səviyyə fərqi var. İngilis turistlər açıq publarda oturmağa, orada dostları ilə yüksək səslə gülüb-əylənməyə üstünlük verirlər. Ərəb turistlər isə lüks, amma qapalı məkanları tərcih edir. Ərəb turistin əyləncədən anladığı intim xarakterli olandır - həyat qadınları, içki, xəlvət köşələr...
Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində "can bazarı", açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.
Və bir də Bakı gecələrində fahişəliyin 21-ci əsr modeli var. Məşhur məkanların qapısı önündə 20-21 yaşlı iki qız dayanır. Onlar xarici turistləri məkana dəvət etmək, dilxoşluq edərək, yoldan çıxarmaq missiyasını həyata keçirirlər. Əsl alver isə içəridə başlanır: müştəriyə 5 manatlıq malı 25, 25 manatlıq malı isə 50 manata satırlar. Bunu fahişəliyin daha mədəni forması adlandıranlar da var.
Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. "Torqovı"nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir - orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.
Amma gecənin yazılmamış qanunları da var. Bəzi məkanlara kişilər yanlarında qadın olmadan daxil ola bilmirlər. Yox, əgər tək əylənmək istəyirsizsə, mütləq lüks maşınınız olmalıdır. Çünki gecə klubunun qarşısında lüks maşından düşmək avtomatik bütün bağlı qapıları insanın üzünə açır.
Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.
Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir...