Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2022 16:38
Böyük Britaniya Ukraynaya arxa çevirməyə hazırlaşan dövlətləri, Rusiya ilə daha dağıdıcı gələcək savaşda müdafiəsiz qala biləcəkləri ilə hədələyir... ABŞ isə rəsmi Kiyevə hərbi dəstək verən ölkələrin, əslində, bunu Ukraynanı deyil, ilk növbədə özlərini fəlakətdən qorumaq üçün etdiklərini vurğulayır...
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, dünyada hazırda əsas gündəm mövzusu maliyyə-iqtisadi böhranın dərinləşməsi ilə birbaşa bağlıdır. Ukrayna savaşı dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqda davam edir. Və bu prosesin hələ uzun müddət dünya iqtisadiyyatını çökdürməkdə davam edə biləcəyi ehtimal olunur.
Onu da qeyd etmək lazımdır ki, Qərb iqtisadi təhlil mərkəzləri indiki situasiyada daha çox Rusiyanın savaş itkilərini hesablamağa üstünlük verirlər. Ukrayna savaşı ətrafında yaranmış vəziyyət paralel olaraq, Avropa iqtisadi məkanını da böhrana sürükləsə də, Rusiyanın mövcud durumu Qərb siyasi-iqtisadi dairələrini daha çox məşğul edir. Və bunun bəzi önəmli səbəbəri də olmamış deyil.
Məsələ ondadır ki, Qərb siyasi-iqtisadi dairələri Rusiyanın mümkün qədər tez bir zamanda öz daxili resurslarını sərf etməsinə dünya iqtisadiyyatı üçün "xilas pəncərəsi" kimi yanaşırlar. Hesab edirlər ki, Rusiya nə qədər tez bir zamanda beynəlxalq sanksiyalar qarşısında əlacsız duruma düşərsə, Kremlə Qərbin şərtlərini diktə etmək bir o qədər asan olar. Nəticədə, Kremlin ram edilməsindən sonra nəhayət ki, dünya iqtisadiyyatını təhdid edən bəzi sanksiyaları ləğv etməklə, vəziyyəti nəzarət altına alıb, düzəltmək mümkün ola bilər.
Ancaq hələlik Qərb siyasi-iqtisadi dairələrinin ehtimalları o qədər də özünü doğrultmur. Hər halda, beynəlxalq sanksiyalar üzərindən Rusiyanın maliyyə-iqtisadi cəhətdən diz çökdürülməsi prosesi uzanır. Rusiya bir neçə aydır ki, öz daxili ehtiyat resursları hesabına beynəlxalq sanksiyaların təsirlərinə tab gətirə bilir. Bəzi ehtimallara görə, Kremlin hələ bir neçə ay da sanksiyalara tab gətirmək və beynəlxalq koalisiyanın təzyiqlərinə müqavimət göstərmək imkanları mövcuddur.
Əlbəttə ki, bu, ABŞ və Qərb üçün o qədər məmnunedici ehtimallar deyil. Çünki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaların sarsıdıcı əks zərbələrinə dünya iqtisadiyyatının, xüsusilə də, Avropa ölkələrinin tab gətirə biləcəyinə qətiyyən əmin deyil. Belə ki, Rusiya avtoritar administrativ metodlarla ölkədaxili ictimai dalğalanma təhlükəsindən yayına bilsə də, eyni fikirləri Avropa məkanı üçün iddia etmək olduqca çətindir.
Çünki, rahat və yüksək həyat standartlarına vərdişli Avropa Birliyi ölkələrinin vətəndaşları mövcud situasiyanın tələblərini qəbul etməyə qətiyyən hazır və həvəsli deyil. Bu baxımdan, Avropa məkanında əhalinin kütləvi etiraz aksiyaları ilə hökumətlərə təzyiq göstərməsi o qədər də gözlənilməz deyil.
Ona görə də, Avropa Birliyi ölkələri, xüsusi də, Qərbi Avropa dövlətləri - Almaniya, Fransa və İtaliya Ukrayna savaşının dərhal sona çatdırılmasında maraqlı olduqlarını qətiyyən gizlətmirlər. Hətta bu istiqamətdə fəaliyyət göstərərək, Rusiyanın hərbi-siyasi maraqları çərçivəsində sülh prosesi üçün lobbiçilik belə, edirlər. Və bu, Rusiyanın tamamilə çökdürülməsini əsas hədəf kimi qəbul edən dövlətləri, xüsusilə də, ABŞ-Böyük Britaniya cütlüyünü ciddi şəkildə narahat edir.
Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, hazırda Ukraynadan imtina edib, rəsmi Kiyevi Rusiya ilə savaşda təkbaşına buraxmaq zamanı deyil. Təklənmiş Ukraynanın məğlubiyyəti bütün dünyanı, əsasən də Avropanı ciddi hərbi-siyasi təhdidlər qarşısında müdafiəsiz buraxa bilər: "Ukrayna hazırda qətiyyətli dəstəyə ehtiyac duyur. Ona görə də, Avropa ölkələri, eləcə də, dünya iqtisadiyyatının nəhəngləri - G7 dövlətləri Ukraynaya dəstək məsələsində bir an belə, tərəddüd etməməlidirlər".
Baş nazir Boris Conson Böyük Britaniyanın bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcəyinə tam təminat verib. Onun sözlərinə görə, Ukraynaya verilən dəstək Böyük Britaniyanın gələcək taleyi baxımından da böyük önəm daşıyır: "Böyük Britaniya Ukraynanın hər addımını dəstəkləyəcək. Çünki anlayırıq ki, Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, azadlığı isə yenə də bizim azadlığımızdır".
Böyük Britaniya baş naziri Boris Consonun mövqeyini ABŞ prezidenti Co Bayden də eynilə dəstəkləyir. Ağ Ev sahibi hesab edir ki, Ukraynanı müdafiə edən ölkələr əslində, ilk növbədə məhz özlərini gələcək hərbi-siyasi təhdidlərdən sığortalamağa cəhd etmiş olur. Prezident Co Bayden Almaniya kansleri Olaf Şolts ilə görüşdə ona rəsmi Berlinin anlaşılmaz tərəddüdlü davranışları ilə bağlı üstüörtülü şəkildə irad da bildirib.
O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna savaşına başlamaqla, Qərb ölkələri arasında strateji parçalanmaya nail olmaq məqsədi güdürdü: "Putin NATO-nu parçalayıb, dağıtmaq istəyirdi. Eyni zamanda, dövlətlərin arasında ziddiyyətləri planlaşdırmaqla, Qərb alyansını da çökdürə biləcəyinə ümid bəsləyirdi. Ancaq bütün bunların baş vermədiyinə görə sevinmək lazımdır".
Təbii ki, ABŞ və Böyük Britaniya liderlərinin Rusiyaya qarşı bu arqumentlərini yaxın günlərdə keçiriləcək G7 zirvəsinə daşıyacaqları da qətiyyən şübhə doğurmur. Həm prezident Co Bayden, həm də baş nazir Boris Consonun G7 ölkələrini Ukraynaya Rusiya üzərində həlledici hərbi üstünlük qazandıracaq dəstəyin verilməsinə təşviq edəcəyi gözlənilir. Və bunun qətiyyən təsirsiz ötüşməyəcəyini düşünmək üçün də kifayət qədər əsaslar olmamış deyil.
Hətta bəzi məlumatlara görə, G7 zirvə toplantısından sonra Ukraynaya müasir hərbi texnika tədarükünün sürətlənəcəyi istisna edilmir. İddia olunur ki, Qərb ölkələri Ukraynaya vəd etdikləri müasir silahların göndərilməsinə başlayacaqlar. Və bu halda, Rusiyanın Ukrayna savaşında hələlik sahib olduğu nisbi hərbi üstünlüyü tamamilə itirə biləcəyi vurğulanır.
Onu da qeyd etmək lazımdır ki, Ukraynaya hərbi yardıma paralel olaraq, Rusiyaya qarşı yeni maliyyə-iqtisadi sanksiyaların hazırlandığı barədə də məlumatlar mövcuddur. Üstəlik, artıq işə salınmış bəzi sanksiyaların daha da sərtləşdiriləcəyi gözlənilir. Əsas məqsədin isə Rusiyanın daxili resurslarını daha sürətlə tükətməsi, sanksiyalara müqavimət göstərmək imkanlarından məhrum edilməsi olduğu vurğulanır.
Maraqlıdır ki, Rusiyanın defolt elan edilməsinə də ciddi hazırlığın olduğu bildirilir. İddialara görə, ABŞ və Qərb bu məqsədlə xüsusi planın işə salınmasına çalışır. Əgər, bu plan baş tutarsa, Rusiyanın güzəşt müddəti sona çatdırılacaq və dövlət aktivləri üçün ödənişlərin reallaşdırılması prosesi bloklanacaq. Kreml dövlət aktivləri üzrə bütün borclarını ödəməyə hazır olsa da, ABŞ və Qərb süni əngəllər ilə Rusiyanın defolt dövlət elan olunması üçün əlindən gələn hər şeyi edir.