Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 14:06
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda yaşayan azərbaycanlılarla görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, Türkiyədə yaşayan bütün azərbaycanlıları dəstəkləyəcəyini deyən F.Muradov həmvətənlərimizin bu ölkədən deportasiya edilməsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib.
Görüşə çox sayda ictimai təşkilat və dərnək üzvləri qatılıb.
F.Muradov Türkiyədə fərqli sektorlarda layihə həyata keçirən azərbaycanlılara dəstək olacağını deyib.
Türkiyədə 21 min azərbaycanlı tələbənin təhsil aldığını bildirən Fuad Muradov onlara dəstək üçün işlərin davam etdiyini söyləyib:
“Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün ən çox üz tutduğu ölkə Türkiyədir. Onların bəzi məsələləri var idi ki, bunları həll etməyə çalışırıq. Diplomların tanınması, birgə universitetlərin və tədbirlərin həyata keçirilməsi ilə bağlı - bu istiqamətlər üzrə hökumətlərarası komissiya fəaliyyət göstərirdi. Yaxın zamanda bunların icrasına başlanacaq”.
F.Muradov 90-cı illərdə Azərbaycandakı çətin vaxtlarda Türkiyəyə gedib sənədsiz yaşayan həmvətənlərimizlə bağlı işlər aparılmasına diqqət çəkib:
“Azərbaycanlıların Türkiyədən deportasiya edilməsi xəbərləri əsassızdır. Bu xəbərlərin arxasında iki ölkənin dostluğunu gözü götürməyən tərəflər var. Ermənistanın çirkin siyasəti hər istiqamətdə gedir. Bu istiqamətlərdən biri də Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəməkdir. Xarici İşlər Nazirliyi, Miqrasiya İdarəsi, Diaspora səviyyəsində bir çox görüşlər keçirmişik”.
Görüşdə sovet ittifaqının Azərbaycanı 1920-ci ildə işğal etdikdən sonra Türkiyəyə köçən və istiqlal mübarizəsini davam etdirən Azərbaycan Cümhuriyyət qurucularının varislərinə medallar verilib.
https://www.facebook.com/watch/?ref=external&v=2506091049618643
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin