Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənisiz Xankəndi - biz “yox” demirik, bəs ABŞ?

Ermənisiz Xankəndi - biz “yox” demirik, bəs ABŞ?

Tarix: 3 Avqust 2022 13:42

"Rusiya Cənubi Qafqazdakı bütün oyunçuları - Amerikanı, Fransanı, eləcə də Türkiyə və İranı da sıradan çıxarmaq məqsədi güdür. Lakin analoji məqsədi elə ABŞ da güdür".

Milli.Az xəbər verir ki, "Yeni Müsavat"ın xəbərinə görə, erməni politoloq Benyamin Poqosyan ifadə edib.

Bunu bir çox cəhətlər, o cümlədən amerikalıların regionda görünməmiş diplomatik fəallığı da göstərir. Poqosyanın fikrincə, amerikalılar 2025-ci ildə sülhməramlıların Qarabağı tərk etməsini Rusiyanı sıxışdırmaq üçün ilk addım hesab edirlər. "Əgər sülhməramlı kontingentin getməsi nəticəsində Qarabağ ermənisiz qalsa, o zaman bu, amerikalıları o qədər də narahat etməyəcək. Nəzakət nöqteyi-nəzərindən narahat olduqlarını bildirə, bir neçə kəlmə "başsağlığı və empatiya"larını ifadə edə bilərlər. Amma Vaşinqtonun Qarabağın ermənisizləşdirilməsində bilavasitə maraqlı olduğunu da söyləmək olmaz. Lakin bu halda "meşəni doğrayırlar - qamqalaqlar uçur" qaydası qüvvədə olur", - deyə erməni ekspert maraqlı fikirlər səsləndirib.

Sadəcə, ABŞ Senatının ermənilərə 2 milyonluq "minatəmizləmə" adı ilə maliyyə ayrılması haqda qanun layihəsini təsdiqləməsi və Baydenin də imzalamasını gözləməsi göstərir ki, Vaşinqton ermənisiz Qarabağ təsəvvür etmir, yaxud da hələ ki onlara dəstəkdə maraqlı görünməyə çalışır. Amma sözsüz ki, gələcəkdə ermənilərin ayağı Qarabağdan kəsiləcəksə, Poqosyanın təbirincə desək, uzaqbaşı bir-iki bəyanat, qətnamə qəbul olunacaq, danışıb-danışıb yorulacaqlar. Sadəcə, həm Rusiya, həm Amerikanın erməniləri Qarabağda saxlamaq niyyəti Cənubi Qafqazda öz maraqlarını həyata keçirməyə hesablanmış bir maşadır. Bəs bizim mütəxəssislər necə düşünür, erməni ekspertlər bu fikirlərlə Azərbaycanı hansısa provokasiyaya çəkir, yoxsa ABŞ-ın "ermənisiz Qarabağa" razılıq verəcəyi fikri real görünür?

Əslində 44 günlük müharibədə ordumuz Xankəndi, Əsgəran, Ağdərə və Xocalını da tamamilə azad etməyə yaxın idi və bununla da ermənisiz Qarabağ dövrü başlayacaqdı. Lakin Rusiya gerçəkliyi, imzalanan 10 noyabr sənədinin ardınca ermənilərin avtobuslarla Xankəndi və ətraf bölgələrə yenidən qaytarılması bu problemi saxlamaqdadır. Bu məsələdə Fransa, ABŞ və Rusiyanın mövqeləri üst-üstə düşür. Onlar Qarabağdakı ermənilərin hüquqları haqda danışır, təhlükəsizliyindən dəm vurur, ABŞ "status" söyləyir, Senat "artsax" oyuncaq rejiminə maliyyə verir, Kreml hərbi kontingentini bölgəyə yerləşdirməklə onlar üçün qalxan rolunu oynayır və beləliklə, ermənisiz Qarabağ gələcəyə saxlanır. Bununla belə, Azərbaycan onun qanunlarını və vətəndaşlığını qəbul edən ermənilərə dinc həyat vəd edir.

Deputat Asim Mollazadə "Yeni Müsavat"a vurğuladı ki, ABŞ-ın rəsmi mövqeyi Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan ibarətdir. A.Mollazadənin sözlərinə görə, Azərbaycan da beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkədəki milli azlıqların haqlarını qoruyur: "Azərbaycanda digər dini və milli azlıqlar firavan yaşayır. Ermənilərə də bu aiddir. Məsələ odur ki, Ermənistan torpaqlarımızı işğal etmişdi, 30 ildə Minsk Qrupu münaqişənin həllinə töhfə verə bilmədi, "siyasi turizm"lə məşğul oldu. İndi Azərbaycan ərazi bütövlüyünü bərpa edib, digər milli azlıqlar kimi ermənilərə də eyni hüquqları verə və təhlükəsizliyini təmin edə bilərik. Ancaq söhbət terrorçu və revanşist qüvvələrin təxribatından gedirsə, Azərbaycan buna dözə bilməz".

Deputat bildirdi ki, sülhməramlılar üçtərəfli sənəd əsasında bölgəyə yerləşib və 10 noyabr anlaşmasında göstərilən bütün müddəalar reallaşmalıdır: "Onların 5 il ərzində fəaliyyət göstərmək hüququ var və zamanı gəldikdə müvafiq qərar qəbul olunacaq. Rəsmi Bakı sazişin bütün bəndlərinin icrasını tələb edir, torpaqlarımızda hansısa silahlılar qala bilməz və sülhməramlılar da üzərinə düşən işi icra etməlidirlər. Hazırda şərtlər tam yerinə yetirilməyib". Vaşinqtonun həmsədrlik institutunu bərpa etmək səylərinə gəlincə, A.Mollazadə dedi ki, Minsk Qrupu mövcud deyil: "Hansı ölkə sülh müqaviləsinin imzalanması prosesinə töhfə versə, ona hörmətlə yanaşacağıq. Amma tarixə qovuşmuş Minsk Qrupu reanimasiya edilə bilməz. Ona görə bu problemi illərlə çarə tapa bilməyən qüvvələr yalnız beynəlxalq qanunvericiliyə əsaslanmalıdır".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun dediyinə görə, Cənubi Qafqazda hazırda ciddi çağırışlar var: "Rusiya və ABŞ arasındakı siyasi mübarizə özünü bizim regionda da göstərir. Bu kontekstdə ABŞ-ın da Azərbaycan və Ermənistandan müəyyən istəkləri var və Qafqazdakı proseslərlə bağlı Vaşinqton və Moskva arasında ciddi rəqabət sezilir. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması hazırda ABŞ-ın əsas şüarıdır. Həm Amerika, həm də Avropa başa düşməlidir ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması və yeni siyasətə başlamaq yalnız Ermənistanın Azərbaycanla özünü konstruktiv aparmasından sonra baş tuta bilər. Biz hələ də Qarabağın dağlıq ərazisində erməni hərbi birləşmələrini görürüksə, bu, birmənalı olaraq bölgədəki yeni proseslərə ziddir. Və buna görə Vaşinqton əlindən gələni etməlidir. Amerika bunu fiziki cəhətdən edə bilmirsə, Nikol Paşinyana çağırışlar edilməlidir. Azərbaycan həm Rusiya ilə, həm də ABŞ-da dialoqda açıq şəkildə bildirib ki, orada antiterror əməliyyatı başlatmamağımızın səbəbi güzəştdir. Bizim ABŞ-dan, Rusiyadan və müəyyən dövlətlərdən obyektivlik gözləməyimizdir. Bu məsələlərə aydın baxılmalıdr. Bütün ölkələr erməni məsləhətçi kontentindən əl çəkməlidilər. Hazırda dialoqlar davam edir".

Siyasi şərhçi Turan Rzayev ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbətini yada salaraq qeyd etdi ki, Vaşinqtonun əslində nəyə nail olmaq istədiyi bəllidir: "Düzdür, Blinken bu il ərzində bənzər şəkildə bir neçə dəfə zəng edib, lakin onun bir gündə iki dövlət başçısına zəng etməsi diqqət çəkir. Aydın məsələdir ki, 44 günlük müharibə sonrası rəsmi Vaşinqtonun Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana və Ermənistana diqqəti xeyli dərəcədə artıb. Bu marağın artmasında davam edən Rusiya-Ukrayna müharibəsinin də payı az deyil. Misal üçün, Ermənistan tərəfi Blinkenin Paşinyanla telefon danışığı zamanı əsasən Ermənistan-Azərbaycan və Ermənistan -Türkiyə münasibətlərini müzakirə etdiyini açıqlayıb. Blinkenin Əliyevlə telefon danışığı zamanı isə əsasən bu yaxınlarda Azərbaycanlaq Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti və ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyi göstərməyə hazır olması kimi məsələlər müzakirə edilib. Yəni ABŞ indiki məqamda Ermənistanla təmasları əsasən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması kontekstində, Azərbaycanla isə Avropanın enerji təminatı kontekstində formalaşdırır". Təhlilçinin sözlərinə görə, ABŞ çalışır ki, Ermənistan Kremlin orbitindən xilas olub Qərbə inteqrasiya etsin. Bunun üçünsə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ən önəmli şərtdir.

Siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, xarici işlər naziri Ceyhun Bayramov Blinkenin köməkçisinə Ermənistanın 10 noyabr razılaşmasının 4-cü bəndini - erməni qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılmasını icra etmədiyini və bunun qəbuledilməz olduğunu deyib: "Bakı İrəvanın "çıxarılma prosesi" ilə bağlı açıqlamasının imitasiya olduğunu bilir və Moskva qarşısında qaldırdığı tələbi, Vaşinqtona da xatırladır. Bu dəfə ermənilərin prosesdən yayınmağa yolu qalmır. Əliyev xəbərdarlıq etmişdi". A.Nərimanlı yada salır ki, son günlər "Minsk qrupu"nu yenidən gündəmə gətirən Vaşinqton Bakıya qarşı bu "kartı" da aktual olaraq saxlayır: "Qarabağa maliyyə ayrılması, ümumiyyətlə, bununla bağlı istənilən qərar isə separatçı-terrorçu rejimin de-fakto qəbul edilməsi deməkdir. Rəsmi Bakının prosesin qarşısını alması üçün ilin sonuna qədər vaxtı var. Maraqlı məqamlardan biri 44 günlük müharibədən sonra "minaların təmizlənməsi" və "humanitar dəstək" adı ilə Qarabağa ayrılan Amerika dollarlarının kimlər tərəfindən xərclənməsidir. Müharibədən öncə bu pullara separatçı-terrorçu rejim nəzarət edirdi. Müharibədən sonra isə Qarabağda separatçı-terrorçu rejimin qaldığı ərazilərdə Rusiya sülhməramlılarının "hakim" olduğu bəllidir və istisna deyil ki, ruslar bu pulların xərclənməsində də hansısa formada iştirak edirlər. ABŞ Rusiya ilə qobal səviyyədə müharibə aparsa da, Qarabağda eyni ələ - separatçılığın müdafiəsinə oynadığı aydın görünür".

Milli.Az


Etiketlər:  Ermənisiz Xankəndi biz yox demirik bəs ABŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ