Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ordumuzun “Qisas” əməliyyatı: Bakı nəyə nail oldu?

Ordumuzun “Qisas” əməliyyatı:  Bakı nəyə nail oldu?

Tarix: 4 Avqust 2022 08:21

Azərbaycan Ordusunun qanunsuz erməni silahlılarının təxribatı nəticəsində əsgərimizin şəhid olmasına dərhal reaksiya verərək, "Qisas" əməliyyatına başlaması və qısa müddətdə rus sülhməramlılarının himayəsində terrorçuluqla məşğul olan dəstəyə ağır zərbə vurması Ermənistanda bomba effekti yaradıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni mediası və rəsmilərinin açıqlamaları Azərbaycan Ordusunun təxribata bu qədər kəskin və sərt reaksiya verəcəyini gözləmədiklərindən soraq verir.

Bəs, Azərbaycan Ordusu nəyə nail oldu?

1. Ermənistana bir daha sübut etdi ki, baş verən təxribata görə mütləq və artıqlaması ilə cavab olacaq. Kiminsə himayəsinə sığınmaqla terror fəaliyyətini davam etdirməyə Azərbaycan qətiyyən dözməyəcək;

2. Azərbaycan Prezidenti İlham Əliyevin səbrini sınağa çəkmək və imzalanan bəyanatlara əməl etməmək ağır nəticələr doğura bilər;

3. Azərbaycan qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən çıxmasını, Zəngəzur yolunun açılmasını və Laçın yolunun alternativə dəyişdirilməsini tələb edir. Bu tələblər 10 noyabr 2020-ci il bəyanatına əsaslanır. Heç bir manipulyasiyanı, müxtəlif bəhanələrlə vaxt uzatmağı Azərbaycan qəbul etməyəcək;

4. Rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə erməniləri himayə etmək və separatçı-terrorçuların yenidən baş qaldırmasına şərait yaratmaq üçün yerləşdirilməyib. Azərbaycan Ordusu rus sülhməramlı kontingentinin gözü qarşısında belə terrorçu yuvalarını məhv etməyə qadirdir;

5. Azərbaycan Qarabağa yerləşdirilən ermənilərin silahlanmasına və yenidən bu əraziləri münaqişə ocağına çevirməsinə imkan verməyəcək;

6. Bu gün məhv edilən erməni hərbi birliklərinin hərbi hissəsindən göründü ki, kifayət qədər döyüş maşınları, haubitsalar, tanklar saxlamaqda davam edirlər. Azərbaycan Qarabağın hər tərəfinə nəzarət etdiyini, terrorçu yuvalarını dəqiq bildiyini və onların yerdəyişmələrini anbaan izlədiyini, istədiyi vaxt bir zərbə ilə hamısını məhv etməyə hazır olduğunu sübut etdi;

7. Azərbaycan Prezidenti sözü heç vaxt böşuna demir: əgər götürülən öhdəliklərə - şifahi və yazılı - əməl edilməsini tələb edirsə, icra olunmalıdır, əks halda Ali Baş Komandan kimi dərhal və qətiyyətlə sözünü deyəcək və s.

Ən maraqlı məqam Ermənistan hakimiyyətinin hazırkı mövqeyi ilə bağlıdır. Ermənistan Baş naziri Nikol Paşinyan da daxil olmaqla, elə bu gün səhər 10 noyabr 2020-ci il bəyanatı üzərində manipulyasiya edən və bəhanələr axtaran TŞ katibi Armen Qriqoryan və müdafiə naziri və yaxud Baş Qərargah rəisinin hər hansı açıqlaması və müdaxiləsi yoxdur. Ortada yalnız separatçı tör-töküntüsünün rus sülhməramlılarına yalvarışlarını əks etdirən açıqlamaları var. Bu isə o deməkdir ki, İrəvan dolayısı ilə baş verənləri Azərbaycanın daxili işi hesab edir və yaxud Azərbaycanın bu cür qətiyyətli və sərt cavabından şoka düşüblər.

Hər bir halda bu, N.Paşinyan və Ermənistan siyasi-hərbi rəhbərliyi üçün növbəti dərsdir. Nəhayət, bəhanələr sona çatmalı və bəyanatların tələbləri icra edilməlidir.


Etiketlər:  Ordumuzun Qisas əməliyyatı Bakı nəyə nail oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ