Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2022 14:24
Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları yenidən vətəndaşlığımızı qəbul üçün müraciət edirlər. Buna adi bir müraciət kimi baxmaq lazım deyil. "Hiyləgərlik edirlər", "inanmaq olmaz" kimi ifadələrin də yeri deyil. Sadəlövh olmayaq, abdəst alıb müsəlman olacaq erməni axtarışında deyilik.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.
O bildirib ki, bizim hədəfimiz Azərbaycan vətəndaşlığını qəbul edən, onun qanunlarına tabe olan ermənilərin Qarabağda yaşamasına təminat verməkdir:
"Belədirsə, siyasi cəhətdən ağıllı davranmağa məhkumuq, belə bir tendensiyanın inkişafına imkan yaratmalıyıq. Fikrimcə, ilkin mərhələdə Qarabağın bizim nəzarətimiz altında olan erməni kəndlərinin birində Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirib, onlarla bağlı dünyaya təbliğatı çatdırmalıyıq. Bir erməni kəndi obrazı yaratmaq və birgəyaşayış modelini təqdim və təbliğ etmək! Yəni görürsünüzmü, vətəndaşlığımızı qəbul edən ermənilərlə hər hansı problemimiz yoxdur. Normal Azərbaycan vətəndaşı kimi yaşaya bilirlər. Təbii ki, hərtərəfli nəzarət mexanizmini düşünərək. İndilik ikidirlər, stimullaşdırsaq, sayları arta bilər. Buradan da Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər və terrorçu, yaxud da separatçı ermənilər ayrımını diplomatiyada daha sıx-sıx istifadə etməmiz mümkündür. Həm də təkcə diplomatiyada deyil".