Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Türkiyədən savaş mesajı aldı: Kreml İrəvana təhlükəsizlik təminatı vermir

Paşinyan Türkiyədən savaş mesajı aldı: Kreml İrəvana təhlükəsizlik təminatı vermir

Tarix: 24 Avqust 2022 12:42

Rəsmi Ankara yalnız Azərbaycan-Ermənistan yekun sülh sazişi imzalanarsa, Cənubi Qafqazda təhlükəsizliyə uzunmüddətli təminatın ola biləcəyini qabardır... Bu, regionda şəriksiz geopolitik iradə sahibi Türkiyə-Azərbaycan İttifaqının, vaxtı uzatmaq şansı tanımaq niyyətində olmadığı Ermənistanı taleyüklü seçimlə baş-başa buraxması anlamı daşıyır...

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər artıq kulminasiya mərhələsinə yaxınlaşır. Üstəlik, həm bu proseslərin inkişaf istiqamətləri, həm də geopolitik situasiya böyük sürətlə dəyişir. Və rəsmi Bakının siyasi iradəsi geopolitik şərtləri daha qətiyyətlə diqtə etdikcə, erməni toplumunun ənənəvi "xəyalları" puç olur, ümidverici heç nə qalmır.

Ona görə də, son vaxtlar revanşist erməni propoqandası dalana dirənib. Ermənistan müxalifətinin radikal-revanşist qanadının əsas təmsilçilərindən olan İşxan Saqatelyan bu reallığı artıq etiraf etmək məcburiyyətindədir. Erməni daşnakları təmsil edən bu siyasətçi təəccüblənir ki, Ermənistandan kənarda revanşist müxalifətin fəaliyyəti yüksək qiymətləndirilir, ancaq ölkə daxilində dəstəklənmir.

Erməni daşnakın dediyinə görə, Ermənistan cəmiyyəti hazırda ermənilərin "tarixi hədəflər"indən uzaqlaşıb, baş nazir Nikol Paşinyanın sülh gündəliyi barədə daha çox düşünür. Əslində, burada təəccüblü heç nə yoxdur. Çünki, Ermənistanın bundan sonra revanş almaq şansı olmayacaq. Deməli, "revanş əfsanələri" uyduranlara deyil, məhz sülh barədə danışanlara qulaq asmaq indi həyatda qalmaq imkanları vəd edir.

Rəsmi Bakının "Qısas" antiterror əməliyyatından sonra Paşinyan hakimiyyətinin "sülh tezisləri" Ermənistanda daha da populyarlaşıb. Ancaq bu, Paşinyan hakimiyyətinin "propoqanda uğuru" sayıla bilməz. Çünki, erməni toplumunun sülh prosesinə istiqamətlənməsi Azərbaycanın "dəmir yumruğu"nun ən real nəticələrindən yalnız biridir.

Məsələ ondadır ki, rəsmi Bakı erməni toplumunun əqli və düşünmə problemlərinin həll olunma vasitələrini tam dəqiqliyi ilə müəyyən edib. Yəni, Azərbaycanın "dəmir yumruq" zərbəsi erməni toplumunu daha doğru düşünməyə sövq edə biləcək yeganə təsirli vasitədir. Və hər dəfə ənənəvi "erməni düşüncə tərzi" baş qaldırıb, "xam xəyallar" istehsal etməyə başladıqda, "dəmir yumruq" effektiv ayıltma vasitəsi rolunu oynayır.

Ancaq rəsmi İrəvan yalnız hər "dəmir yumruq" zərbəsindən sonra mövcud reallıqlara qayıtmaq vərdişlərini dəyişməzsə, Ermənistan üçün yaxşı heç nə gözlənilmir. Çünki, Paşinyan hakimiyyəti artıq anlamaq məcburiyyətindədir ki, Ermənistanı Azərbaycanın qarşısında heç kim müdafiə etməyəcək. Heç bir dövlət kimsəyə artıq faydası olmayacaq Ermənistan ucbatından, beynəlxalq geostrateji və geoiqtisadi əhəmiyyəti sürətlə artan Azərbaycanla münasibətlərini korlamağa həvəs göstərməz.

Maraqlıdır ki, baş nazir N.Paşinyanın son açıqlamasında elə bu qaçılmaz reallığa üstüörtülü eyhamlar mövcuddur. Erməni baş nazir vurğulayıb ki, Ermənistanın müttəfiqləri qarşı tərəflə də sıx tərəfdaşlıq münasibətləri qurublar. Ona görə də, Ermənistan üçün həlledici mövcudluq faktoru olan təhlükəsizliyi təmin etmək çətinləşib.

Təbii ki, bu, Ermənistan baş nazirinin növbəti dəfə dolayısı yolla da olsa, Rusiyanın ünvanına ittihamlar yönəltməkdən özünü saxlaya bilmədiyi biruzə verir. Çünki məhz Rusiya Ermənistanın hərbi müttəfiqidir və Kreml Azərbaycanla da sıx tərəfdaşlıq münasibətlərinə malikdir. Bu isə Ermənistanı Rusiyanın ənənəvi tam müdafiəsindən məhrum buraxır.

Hətta Rusiya səfirliyinin Ermənistana nota verməsindən sonra erməni toplumu Kremlin rəsmi İrəvandan tamamilə üz çevirdiyi qənaətinə gəlib. Ermənistan mətbuatının Rusiya əleyhinə total propoqandası isə erməni toplumunda bu pessimist qənaəti daha da möhkəmləndirir. Çünki, əksər erməni politoloqlar əminliklə vurğulayırlar ki, Rusiya-Ermənistan münasibətlərində ciddi çatlar yaranıb, iki ölkə arasında əvvəlki əlaqələri bərpa etmək artıq mümkün olayacaq. Və ona görə də indi Ermənistan Rusiya ilə yeni münasibətlərə hazır olmalıdır, yeni təhlükəsizlik alternativlərinin axtarışına başlamalıdır.

Tamamilə yalnış yanaşmadır. Çünki, Ermənistanın təhlükəsizliyi üçün alternativ himayə mərkəzlərinin axtarılması rəsmi İrəvana heç bir uğur qazandırmaz. Çünki, hazırda dünyada Ermənistanın regional təhıükəsizliyini təmin edəcək heç bir beynəlxalq iradə mərkəzi mövcud deyil. Hər halda, dünyanın nəhəng dövlətləri Azərbaycanla münasibətlərin korlanması hesabına Ermənistana təhlükəsizlik təminatı vermək kimi ağır bir missiyanı öz üzərlərinə götürməzlər.

Ona görə də, Paşinyan hakimiyyəti yalnız Türkiyə-Azərbaycan İttifaqı ilə münasibətləri normallaşdıracağı təqdirdə, Ermənistan üçün ən etibarlı təhlükəsizlik təminatı ala bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu reallığı növbəti dəfə rəsmi İrəvanın diqqətinə çatdırıb. O, vurğulayıb ki, Türkiyə-Ermənistan sülh prosesində Azərbaycan üçün gizli heç nə yoxdur. Bu, Azərbaycan və Ermənistan arasında davam edən sülh danıçıqları ilə vahid prosesdir.

Maraqlıdır ki, M.Çavuşoğlu rəsmi İrəvana Ermənistan üçün son xəbərdarlıq kimi də qəbul edilə biləcək mesaj ünvanlayıb: "Cənubi Qafqazda uzunmüddətli sülhün təminatı yalnız Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ola bilər. Rəsmi Bakı bu barədə öz təşəbbüsünü artıq bəyan etsə də, Ermənistan hələ də cavab verməyib. Ona görə də, İrəvanda nəhayət ki, qərar verməlidirlər. Onlar müəyyən etməlidirlər ki, sülh istəyirlər, ya yox..."

Göründüyü kimi, Türkiyənin rəsmi dairələri də Ermənistanda konkret və prinsipial seçimin olunmasını tələb edirlər. Yəni, Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olan Türkiyə-Azərbaycan İttifaqı Ermənistana vaxtı uzatmaq şansı tanımaq niyyətində deyil. Və bu, Ermənistanı taleyüklü seçimlə baş-başa buraxan sonuncu xəbərdarlıq mesajı da hesab oluna bilər.


Etiketlər:  Paşinyan Türkiyədən savaş mesajı aldı Kreml İrəvana təhlükəsizlik təminatı vermir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ