Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2022 15:08
Sonxeber.net "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.
Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistanın mövqeyi nəzərə alınmadan Türkiyə, Azərbaycan və Rusiya arasında detallı şəkildə müzakirə edildiyi barədə də ciddi məlumatlar mövcuddur... Prezident Putin Ermənistan baş naziri Paşinyandan Rusiyaya irad bildirmək əvəzinə, üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasını tələb edib...
Cənubi Qafqazda regional düzəni Azərbaycanın siyasi iradəsi müəyyən edir. Bu region rəsmi Bakının hərbi-siyasi qərarları idarə olunur. Və bundan sonra indiki situasiyanın Azərbaycanın maraqlarına zidd şəkildə dəyişə biləcəyi qətiyyən inandırıcı görünmür.
Təbii ki, Cənubi Qafqazın məhz rəsmi Bakı tərəfindən idarə olunması Ermənistanda daxili siyasi proseslərə birbaşa təsir göstərir. Ermənistan cəmiyyəti davamlı olaraq, Azərbaycanın atdığı addımları müzakirə etmək məcburiyyətində qalıb. Erməni siyasi elitası Azərbaycanın maraqlarını, rəsmi Bakının geopolitik hədəflərini dəqiqləşdirməyə, onların real təsirlərindən Ermənistanı yayındırmağın yollarını axtarıb, tapmağa çalışır.
Ancaq rəsmi İrəvan hələlik bunun öhdəsindən gələ bilmir. Əksinə, zaman keçdikcə, Azərbaycanın maraqlarından və qərarlarından daha çox asılı vəziyyətə düşür. Çünki, Ermənistanın Azərbaycanla hərbi-siyasi rəqabət şansları qətiyyən yoxdur. Və belə bir vəziyyət rəsmi İrəvanı Azərbaycanın geopolitik iradəsini icra etmək məcburiyyətində buraxır.
Düzdür, radikal-revanşist erməni müxalifəti Ermənistanın Azərbaycan qarşısında belə acız duruma düşməsinin əsas günahını məhz Paşinyan hakimiyyətinin üzərinə yükləməyə çalışır. Ancaq Paşinyan hakimiyyətinin rəsmi təmsilçilərinin də bu ittihamlara öz arqumentləri var. Onlar radikal-revanşist erməni müxalifəti hazırda hakimiyyətdə olsa, Ermənistan üçün nəyi dəyişə biləcəyinə israrla öz siyasi rəqiblərindən cavab tələb edirlər.
Təbii ki, tamamilə məntiqli arqumentdir. Hər halda, hər kəsə artıq atdındır ki, Ermənistanın problemi hakimiyyətdə hansı siyasi qüvvənin olmasıyla bağlı deyil. Əsas problem Ermənistanın təxribatçı mövqe tutması və bunun nəticələrinə davam gətirmək imkanlarının olmaması ilə bağlıdır. Ermənistan formal xarakter daşıyan zəif bir dövlətdir. Və regional supergücə çevrilmiş Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir.
Ona görə də, hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, rəsmi İrəvan həm Ermənistanın təhlükəsizliyi, həm də Azərbaycanın hədəfləri barədə düşünmək məcburiyyətindədir. Ermənistanın təhlükəsizliyi isə Azərbaycanın öz hədəflərinə hansı səviyyədə nail olmasından birbaşa bağlıdır. Çünki rəsmi İrəvan müqavimət göstərməyə cəhd göstərdikcə, Azərbaycanın "dəmir yumruq" zərbəsi dərhal Ermənistanı reallığa qaytarır.
Maraqlıdır ki, hazırda Ermənistan cəmiyyətində rəsmi Bakının son sərt addımları və mesajları ciddi şəkildə müzakirələrə yol açıb. Erməni politoloqlar rəsmi İrəvanın Azərbaycanın tələbləri ilə razılaşmalı olacağını ehtimal edirlər. Onların fikrincə, Paşinyan hakimiyyəti indiki situasiyadan ən az itkilərlə çıxmağın yollarını tapmalıdır. Əks halda, Azərbaycan onsuz da öz istədiyini Ermənistandan alacaq.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan siyasi dairələrində artıq Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin gələcək taleyi ümuniyyətlə, əhəmiyyətsiz mövzuya çevrilməyə başlayıb. Onların fikrincə, indi Ermənistanın gələcək taleyinin necə olacağını müəyyən etmək daha vacibdir. Və bu məsələdə davamlı olaraq, məntiqsiz risklərə getmək isə yolverilməzdir.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan hesab edir ki, Azərbaycanın Qarabağ regionunda olan gərginlik rəsmi Bakının Ermənistan ərazisindən dəhliz tələb etməsi ilə bağlıdır: "Azərbaycanın "Dağlıq Qarabağ"dakı bütün təzyiqləri, Laçın dəhlizi ətrafındakı gərginlik rəsmi Bakının Ermənistan ərazisindən dəhliz tələblərinin reallaşdırılmasına hesablanıb. Ancaq rəsmi İrəvan buna qədər dəhliz mövzusunun müzakirə olunmadığını bəyan edib".
Ancaq E.Marukyan rəsmi İrəvanın bəyanatlarının mövcud geopolitik situasiyada elə bir ciddi əhəmiyyət daşımadığını vurğulamağı unudub. Üstəlik, Paşinyan hakimiyyətinin eyni məsələ barədə qısa zaman intervalında öz mövqeyini və bəyanatlarının məzmununu dəfələrlə dəyişməsi də artıq ənənəvi xarakter daşıyır. Və bu baxımdan, çox tezliklə rəsmi Bakının Paşinyan hakimiyyətinə Azərbaycanın maraqlarının diqtə etdiyi bəyanatı da verdirə biləcəyi qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses artıq rəsmi İrəvanın nəzarətindən çıxmaq üzrədir. Bu məsələ Ermənistanın hətta daxili işi olmaqdan belə, çıxıb. Yəni, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasında iştirakı ərazi sahibi kimi, yalnız formal xarakter almağa başlayıb. Və Zəngəzur dəhlizi indi dünyanın bir çox dövlətlərinin maraqlarına cavab verir.
Ona görə də, Avropa və Orta Asiya ölkələri, xüsusilə də Böyük Britaniya və Çin Zəngəzur dəhlizinin açılmasını səbrsizliklə gözləyir. Ukrayna savaşı bu dəhlizin əhəmiyyətini daha da artırıb. Son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin Ermənistanın mövqeyi nəzərə belə, alınmadan Türkiyə, Azərbaycan və Rusiya arasında detallı şəkildə müzakirə edildiyi barədə də ciddi məlumatlar mövcuddur.
Bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizi ilə bağlı cərəyan edən proseslər Ermənistan siyasi iradəsinin üzərindədir. Rəsmi İrəvan bu prosesdə yalnız Ermənistan üçün mümkün qədər çox maliyyə payı qopartmaq baxımından, müəyyən cəhdlər edə bilər. Ancaq dəhlizin reallaşdırılması yalnız nəhəng dövlətlərin geoiqtisadi maraqlarına bağlıdır.
Təbii ki, Paşinyan hakimiyyəti bütün bunları anlamağa başlayıb. Ona görə də, Ermənistanın geopolitik əhəmiyyətini artırmaq üçün Rusiyaya qarşı ittihamları intensivləşdirməyə çalışır. Rəsmi İrəvan Rusiyanın Ukraynada ağır duruma düşməsi səbəbindən bu ittihamların Kremlin mövqeyinə təsir göstərə biləcəyinə ümid bəsləyir.
Ancaq baş nazir Nikol Paşinyanın Kreml sahibi Vladimir Putinlə son telefon danışığının nəticələri rəsmi İrəvanın ümidlərinin boşa çıxdığını göstərir. Belə ki, erməni baş nazirin təşəbbüsü ilə baş tutan telefon danışığında Ermənistanın Rusiya sülhməramlılarından narazılığının gündəmə gətirilməsi Kreml sahibində əks reaksiya doğurub. Və onun erməni baş nazirin iradlarından narazı qaldığı söhbətin davamında özünü açıq-aşkar biruzə verib.
Məsələ ondadır ki, Ermənistan mətbuatının məlumatına görə, prezident V.Putin Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaranmış vəziyyəti müzakirə edərkən, rus sülhməramlıların bölgədə sabitliyin təmin olunmasına vacib rol oynadığı vurğulayıb. Ardıncasa, Kreml sahibi dərhal erməni baş nazirin diqqətinə 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli anlaşmalarının bütün tələblərinin icrasının qaçılmazlığını çatdırıb. Yəni, Kreml sahibi erməni baş nazirə anlatmağa çalışıb ki, Rusiyaya irad bildirməkdən əvvəl imzaladığı üçtərəfli anlaşmalara riayət etmək lazımdır.
Təbii ki, bu, Kremlin rəsmi İrəvana sərt mesajı kimi də dəyərləndirilə bilər. Rusiyanın Ermənistan üçtərəfli anlaşmaların icrasını tələb etməsi rəsmi İrəvanın tamamilə çarəsiz buraxılması anlamı daşıyır. Çünki, üçtərəfli anlaşmaların icra olunmayacağı təqdirdə, Azərbaycan həmin sənədləri qüvvədən düşmüş elan edərək, nizamlanmamış problemləri hərbi yolla həll etmək hüququ qazana bilər. Və bu halda, Rusiyanın da Ermənistanı müdafiə edəcəyi qətiyyən inandırıcı görünmür.