Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 22:16
"Qarabağ"ın futbolçusu Ailton Silva Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Çətin oyun oldu. Daha çox müdafiədə oynayan komandayla qarşılaşdıq. Amma səbrli olmağı bacardıq. Topa nəzarət edirdik. Zamanı gəldi, bundan istifadə edib, qol vurduq.
- Oyundan əvvəl "Sumqayıt"dan ehtiyat edirdinizmi?
- Biz məşq edirik. Amma nəzərə alırıq ki, onlar da hazırlaşırlar. Lider kimi qarşımızda məsuliyyət vardı, bütün oyunlara qələbə üçün çıxmalıyıq. Yenə də hədəfimizə çatdıq.
- 6 matç, 6 qələbə və lidersiniz. Görünən odur ki, bu mövsüm heç kim "Qarabağ"ın qarşısını ala bilməyəcək. Bu, bir az sizin üçün maraqsızdır, yoxsa sevindiricidir ki, rəqibiniz yoxdur?
- Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, digər komandalar haqqında danışmağı xoşlamıram. Hədəfimiz oyunlara çıxıb, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yaşayıb, görərik.
- "Sevilya" və "Zirə"ilə matçlardan sonra Qurban Qurbanov sizdən narazı olub ki, onun tapşırdılqarını etmirsiniz, öz bildiyiniz şəkildə oynayırsınız. Bu barədə nə deyə bilərsiniz?
- Xeyr, bu haqda heç nə deyə bilmərəm. Mən sadəcə meydana çıxdığım qarşılaşmalarda komandama kömək etməyə çalışıram.
- Səfərdə APOEL-ə 4 top vuran "Düdelanj"dan 1 xal almaq və ya qələbə qazanmaq nə dərəcədə real görünür?
- Təbii ki, rəqibi analiz edəcəyik. Çatışmayan cəhətlərini görəcəyik. Səfər oyunu olsa da, hədəfimiz 3 xaldır.