Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məhərrəmlik əyyamı bitir - Toy mövsümü yeni qiymətlərlə başlayacaq?

Məhərrəmlik əyyamı bitir - Toy mövsümü yeni qiymətlərlə başlayacaq?

Tarix: 24 Sentyabr 2022 13:16

Bir neçə günə (sentyabrın 26-da) Məhərrəmlik əyyamı bitəcək. Bu o deməkdir ki, toy mərasimləri yəqin ki, əvvəlki, ənənəvi qaydada, israfçılıq rejimində davam edəcək. Hər halda, toy mərasimlərini daha sadə keçirməklə bağlı çağırışlar indiyədək heç bir nəticə verməyib.

Ötən iki ayda bir sıra ərzaq məhsullarının, o cümlədən ətin qiymətində bahalaşma qeydə alınıb. Bəs görəsən bu dəyişikliklər menyulara necə təsir edib?

Milli.Az bildirir ki, "Yeni Müsavat"ın əməkdaşı şadlıq sarayları və restoranlardakı qiymətlərlə maraqlanıb. Bəlli olub ki, hazırda ən ucuz menyular 35 manatdan təklif olunur. İnzibatçılarla əlaqə saxlayıb qiymət artımının nəzərdə tutulub-tutulmadığını aydınlaşdırmağa çalışdıq.

Şadlıq saraylarından birinin inzibatçısı qəzetimizə bildirdi ki, yeni mövsümdə menyuların qiymətində dəyişiklik ola bilər: "Hazırda menyunun qiyməti 40 manatdan başlayır. Ərzaq qiymətlərində bahalaşma var. Bu da qiymətlərə təbii ki, təsir edir. Artımın nə qədər olacağı, menyu qiymətlərində hansı dəyişikliklərin olacağını indidən dəqiq demək mümkün deyil".

Digər şadlıq sarayından aldığımız məlumata görə, xüsusilə ətin, çörəyin qiymətinin artması qiymətlərə təsirsiz ötüşmür: "Bizdə ən ucuz menyu 35 manatdır. Əgər ətin, çörəyin qiyməti qalxmasa, biz menyunun qiymətini artırmayacağıq. Bundan başqa, pandemiya ilə əlaqədar növbəti dəfə qapanmaların olub-olmayacağı barədə dəqiq məlumat olmadığı üçün müştərilərin sayı pandemiyadan öncəki kimi deyil. Hələ ki, menyu əvvəlki qiymətinədir".

İş adamı Mürvət Həsənli "Yeni Müsavat"a bildirdi ki, toy sifarişləri Məhərrəm ayından öncə alındığına görə qiymətlər öncədən danışılıb: "Toy qiyməti öncədən razılaşdırıldığı üçün qəfil qiymət artımı tətbiq etmək qeyri-mümkündür. Mart-aprel aylarında qiymət artımı ola bilər. O vaxta qədər qiymətlərin artma ehtimalı yoxdur. Payız ayları toy aylarıdır. Müştəri azlığı müşahidə olunmur. Əksinə, fəallıq var". 

Qeyd edək ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildirilib ki, avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74 faiz azalıb. Yeni mövsüm üçün təklif edilən menyulara əsasən isə qiymətlərdə 9-11 faiz artım var. Sentyabrın sonuna doğru isə daha da yüksək qiymət artımları gözlənilir.

Milli.Az


Etiketlər:  Məhərrəmlik əyyamı bitir Toy mövsümü yeni qiymətlərlə başlayacaq


RƏYLƏR