Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 10:04
Rusiyanın keçmiş milyarderi, tanınmış iş adamı Sergey Polonski qismən səfərbərlikdən yayınaraq Birləşmiş Ərəb Əmirliyinə mühacirət edib.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, məlumatı "Mash" yayıb.
Bildirilib ki, S.Polonski həqiqi hərbi xidmətini Hava-Dəniz Qüvvələrində keçdiyi üçün çağırılacağını düşünərək ölkəni tərk etmək qərarına gəlib. O, rusiyalı mühacirlərə biznes öyrətmək adı ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Qeyd edək ki, Sergey Polonski 1972-ci il dekabrın 1-də Sankt-Peterburqda doğulub. 2004-2011-ci illərdə Rusiyanın ən böyük inkişaf şirkətlərindən sayılan "Mirax Group"un sahibi olub. 2008-ci ildə qlobal maliyyə böhranından əvvəl o, Rusiyanın ən varlı adamlarından sayılıb. Hazırda o, əvvəllər "Nazvanie.net" adlanan MMC "Potok" holdinqində birləşmiş bir sıra kommersiya strukturlarının səhmdarıdır.
2013-cü ilin iyun ayında Rusiyada Polonskiyə qarşı dələduzluq və vətəndaşların pullarını mənimsəmə ittihamı ilə cinayət işi başlayıb. Məhkəmə onun barəsində həbs qətiimkan qərarı çıxarıb. S.Polonski 2015-ci il mayın 17-də Kambocadan Rusiyaya deportasiya edilərək Moskvada məşhur "Matrosskaya Tişina" təcridxanasına yerləşdirilib. Moskvanın Presnenski Məhkəməsi 2017-ci il iyulun 12-də dələduzluq işi üzrə Polonskini 5 il müddətinə azadlıqdan məhrum edib. İş adamı iddia müddəti başa çatdığı üçün cəzasını çəkməkdən azad olunub.
Hazırda biznes təlimçiliyi ilə məşğul olan Sergey Polonski Rusiyanın ən varlı sakinlərindən biri olub. 2011-ci ilin oktyabrında Polonski Forbes jurnalının versiyası üzrə doqquz ən qeyri-adi rusiyalı iş adamı seçilib. 2012-ci ildən 2015-ci ilin mayına qədər Polonski Kambocada öz adasında yaşayıb. Ancaq maliyyə böhranı, həbsxanalar və məhkəmə çəkişmələr nəticəsində onun sərvəti azaldılıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edib.