Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 18:20
Bakı. Samir Əli - Trend:
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılmışdır:
"Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılmış, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olnması barədə xəbərdar edilmişlər.
Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşmış, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar etmiş, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstərmişlər.
Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olmuş, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmış, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilmişdir.
İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınmışdır.
Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilmiş, 4 nəfər barəsində inzibati protokol tərtib olunmuşdur. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcəkdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin