Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 18:04
Bakı. Alpər Ziya - Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı düşməni hərb meydanında məğlub etməklə tarixi Zəfər qazandı. Lakin informasiya müharibəsi müstəvisində savaş bitməyib, davam edir. Çingiz xanın məşhur bir fikri var: “Düşməni məhv etmək üçün onun gücünü yaxşı öyrənmək, kiçiltməmək lazımdır”.
Bunu Trend-ə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, diaspor jurnalisti Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, biz də düşmənin atdığı və atacağı hər bir addımı izləməli, potensial təhlükə kimi qəbul etməli və buna qarşılıq verməliyik: "Bu gün, xüsusən xaricdəki soydaşlarımız üçün yeni bir Qarabağ cəbhəsi açılıb. Vətən müharibəsindən sonra, ümumiyyətlə, hər bir soydaşımızın milli məsuliyyəti daha da artıb. Düşmənə qarşı mübarizədə üzərimizə müəyyən öhdəliklər düşür. Hər bir soydaşımız bu sahədə yeni fəaliyyət strategiyası qurmalı, bu strategiyasını milli məqsədlərlə tam uzlaşdırmalı, “bir nöqtəyə vurmaq” üçün informasiya savaşı müstəvisində koordinasiyalı fəaliyyətə qoşulmalıdır. Çünki düşmən müxtəlif yollarla dünyanı yenə də öz yalanları ilə aldatmağa çalışır. Erməni lobbisi, əsasən müxtəlif ölkələrin parlamentlərində qondarma “dqr”ı tanıtmağa, erməniyönlü qətnamələr qəbul etdirməyə cəhd edirlər. Ermənilərin anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycanın diplomatik korpusları, parlamenti, diasporu, o cümlədən vətəndaş cəmiyyəti və mediası tərəfindən önləyici tədbirlərin görülməsi zərurətə çevirilib".
F.Hüseynzadə hesab edir ki, bunun üçün parlamentlərarası əlaqələrin daha da genişlənməsi müxtəlif ölkələr üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər: "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri ilə diasporumuz arasında əməkdaşlığın yaranması ermənilərə qarşı birgə işin görülməsi baxımından effektiv nəticə verə bilər. Bu məsələlərlə bağlı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri, diasporumuz və səfirliklərimizin üçtərəfli videokonfransını da keçirmək olar. Yeri gəlmişkən, Milli Məclisin müxtəlif ölkələr üzrə parlamentlərarası işçi qrupları diaspor nümayəndələri ilə birgə fəaliyyəti gücləndirməsinə ehtiyac var. Bu arada, diaspor üvləri yaşadıqları ölkələrin Azərbaycan üzrə parlamentlərarası dostluq qruplarının rəhbərləri ilə mütəmadi görüşlər keçirməli, aktiv iş aparmalıdırlar. Səfirliklərimizin də fəaliyyət göstərdikləri ölkələrin parlamentlərinə, o cümlədən bizim ölkə üzrə dostluq qruplarının rəhbərləri ilə daha da sıx görüşlər keçirməsi, onları mütəmadi olaraq lazımi məlumatlarla təmin etməsi önəmlidir. Vətəndaş cəmiyyəti üzvləri ermənipərəst beynəlxalq təşkilatlara etiraz məktublarını daha da artırmalıdırlar. Ayrıca, Azərbaycanın əleyhinə qərar verən ölkələrin parlametlərinə də etiraz və ya erməniləri ifşa edən məlumatlar göndərə bilərlər. Xarici mediada yazıların dərc olunması hər zaman aktualdır və çox mühüm əhəmiyyət kəsb edir. Yəni bir ölkədə Azərbaycanla bağlı 100 yazı çıxsa da, 101-ciyə hər zaman ehtiyac var. Lakin bu yazılar elə hazırlanmalıdır ki, çap olunan ölkələrin marağında olsun. Nəzərə alaq ki, Vətən müharibəsindən sonra bir çox ölkələrin mediasında Azərbaycanla bağlı yazıların verilməsində süni maneələr yaranıb. Məqsədli şəkildə bizim ölkə haqqında, xüsusən Qarabağ mövzusunda yazıların çapına məhdudiyyətlər yaradılıb. Ötən ilin 10 dekabrında Bakıda təşkil edilmiş hərbi paraddan sonra erməni iş adamları qondarma rejimi dünya mediasında tanıtmaq üçün 200 milyon dollar vəsait ayırıblar.
Ümumiyyətlə, erməni yalanlarına qarşı görülən hər bir fəaliyyət planlı olmalı və strateji hədəflərə doğru irəliləməliyik. Yəni heç bir iş görüntü xatirinə olmamalıdır. Şəkil çəkdirib mediada “iş gördüm” görüntüsü yaratmaq faydasız əməldir. Bütün bu işlər nəticə hasil olanadək və ondan sonra da davam etdirilməlidir. Cəmiyyətə real iş, uğur təqdim edilməlidir. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi qələbə qazandı. Bu, Prezident İlham Əliyevin Azərbaycan xalqı, ümumiyyətlə dünya üçün göstərdiyi nümunəvi uğur və nəticədir. Bu gün hər birimiz bu nümunəni özümüzə örnək bilməli, ölkə başçısının dövlətimiz naminə başlatdığı mübarizənin davamını informasiya müharibəsində aparmalıyıq".