Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlin 10 qalmaqalı

İlin 10 qalmaqalı

Tarix: 11 Dekabr 2022 12:20

Elə düşünməyin ki, yola salmağa hazırlaşdığımız 2022-ci il şou-biznes üçün səs-küysüz ötüşüb. Bu, mümkündür? Əlbəttə xeyr! Bu il də bir-birininin bostanına daş atanlar, həmkarlarının sözü boğazından keçməyənlər, efirdə dalaşanlar, su atıb, əlbəyaxa döyüş edənlər, məhkəməyə gedib-çıxanlar az olmadı...

Sonxeber.net olay-a istinadən bu il yadda qalan qalmaqallardan 10-nu təqdim edir!

Bir vaxtlar dost olan aparıcı Nanə Ağamalıyeva və stilist Anar Ağakişiyevin yolları bu il ayrıldı. ATV-də xanım aparıcıların stili üzərində çalışan Anarın sözü Nanə ilə çəp gəldi. Belə ki, stilistin Ağamalıyevaya gündüz proqramlarına uyğun geyinmədiyini, makiyajını düzgün edilmədiyini deyərək daha sadə "look" lara üstünlük verməsini istəyib. Nanə isə Ağakişiyevin sözlərinə məhəl qoymadan öz stilində geyinməyə davam edib. Bu qalmaqal OLAY tərəfindən mediada işıqlandırılıb. Həmçinin Anar özü də statuslarla Nanəyə söz atıb, ağır sözlər qeyd edib.

"Photoshop"un dibinə girmirik, yazıq" sözlərini yazıb və yarpaq smayliki əlavə edərək aparıcının adına eyham vurdu. O dörvdə "Qafqazinfo" iddia edib ki, Nanənin bir  müddətlik ATV-dən gedişi də elə bu dava ilə əlaqəli imiş. Ötən günlərdə isə Anar keçmiş dostu haqda "Nanə özünü ATV-nin rəhbəri kimi aparır" qalmaqallı açıqlamasını verdi. O bildirdi ki, hətta Nanə onun işçisinin üzərinə hucum çəkib, hər kəslə kobud danışıb, bütün xanım aparıcılar makiyaj otağına düşsə də, o, gəlmək istəməyib.

Hələ stilist Elnur Həsənovun müğənni Elnarə Xəlilovanı zövqsüz adlandırması üçlü qalmaqala gətirib çıxardı. Belə ki, Xəlilova bu açıqlamadan sonra instaqramda şeir paylaşdı. O, ad çəkmədən Həsənova sadəcə bir işlə məşğul olmasını, makiyajlar etməsini dedi. Lakin yazdıqlarının Elnurun birgə çalışdığı Əməkdar artist Lalə Məmmədovaya da toxunduğu düşünüldü:

""Məncə, sən bir iş görsən olar.

Ya vizaj et, ya da kolor.

Geyim sənlik deyil, inan.

Pornoqrafik, ürəkbulandıran

Sonuncu obrazlarının

TRT-dən sorağı gəlir".

Həmin dövrdə TRT-də qonaq olan Məmmədova Xəlilovanın paylaşımından sonra ""Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar" sözlərini yazdı.

Elnarə ötən günlərdə OLAY-a açıqlamasında sözügedən şəxslərlə düşmən olmadığını, rastlaşanda salamlaşdığını dedi.

İlin növbəti qalmaqalı isə məhkəməyə qədər gedib çıxdı. Belə ki, şair Nazilə Səfərlinin yazdığı status onu rəqqasə Fatimə Fətəliyeva ilə düşmən etdi. N. Səfərli İnstaqramda "Bir rəqqasə reklam etdiyim məkana zəng edib, qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz.

Kor-kobud şairəni reklama çağırırsınız. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kor-kobuduq. Demək istərdim ki, ağır ol, amma elə olsan, "dingildədiyin" masalar qırılar. Bağışla" sözlərini yazdı. Fətəliyeva isə canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər dedi: "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən.

Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm". Nazilə isə bu açıqlamadan sonra üzr istəmədiyi üçün Fatiməni məhkəməyə verdi. Tərəflər hələ də barışmasa da, məclislərin birində Fatimə Nazilənin qarşısında rəqs edib.

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra digər Xalq artisti Əbdül Mahmudovla dostluq münasibəti bitdi. Buna səbəb isə Şeyx Əbdülün kinoya xəyanət edtiyini, sədrlik təklifi ilə razılaşmamalı olduğunu deməsi oldu. Bundan sonra tərəflər bir-birilərinin ünvanına ağır sözlər səsləndirdi. Məsələ o həddə açdı ki, R. Balayev keçmiş dostuna "Axmaq, səviyyəsiz", rejissor isə aktyor barəsində "Tarixdə xəyanətkar kimi qalacaqsınız" açıqlamasını verdi.

Əməkdar artist Elza Seyidcahanın obyekti ilə bağlı borcuna görə, Xoşqədəm Hidayətqızının verilişində xalqdan yardım istəməsi böyük qalmaqala səbəb oldu. Onun ünvanına sərt sözlər deyənlər də var idi, müdafiə edənlər də. Xalq artisti Ramiz Məlik isə bəstəkar və müğənnini təhqir etdi. Onu "dəli" adlandırdı. Seyidcahan OLAY-a açıqlamasında "O? "Yaramaz dəlik"lər hələ də bilmirlər ki, hər bir dahidə, bir balaca dəlilik olur?!" deyərək R. Məlikə cavab verdi.

Reper Aslixan müğənni Hissin "İstəmirəm" adlı hitini yutubdan sildirdi. Buna səbəb kimi isə vaxtında həmin mahnını Hissə ucuza satdığını, sənətçinin ona "Qabağa gedəndə səni "görəcəm"" dediyini, lakin məsələnin belə olmadığını göstərdi.

Aslixan söylədi ki, Hiss onunla bağlı paxıl kimi ifadələr səsləndirib. İfaçı isə reperə cavab verərək uğurunun açarının özü olduğunu bildirdi və "Məndə səni görəcək üz qoymadın" dedi. Hiss söylədi ki, verilişlərdə həm də onunla bağlı yaxşı sözlər deyib, amma o, bunları görməyib. Bundan əlavə düşünüldü ki,  Hiss "Busan" trekindəki sözləri Aslixana şamil edib.

Müğənni Natavan Həbibi efirlərdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən "SOY" prodakşının rəhbəri Oqtay Əliyevlə qalmaqal yaşadı.

Sənətçi O. Əliyevin ünvanına "Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə" sözlərini qeyd etdi. Əməkdar artist Dilarə Əliyeva OLAY-a açıqlamasında dedi ki, həyat yoldaşının sözlərində kiməsə toxuna biləcək məqam yoxdur. Çünki o, hazırda televiziyaların maliyyə gücünün müğənniləri efirə qonorarla çağırmasına imkan vermədiyini nəzərdə tutur.

Həmçinin, Əliyeva Natavana "İncəsənətə vurulan zərbə deyəndə hansı incəsənət nümayəndəsinə vurulan zərbəni nəzərdə tutdu? Kimə toxunduq? Kimin sənətini yerlə bir etdik? Şəxsiyyətini təhqir etdik? Şəxsən mən onun işlətdiyi ifadəni dilimə gətirməmişəm. "Bayağı", ya da "ucuz" musiqi ritmi sözünü deyə bilərəm, amma "çuşka" demərəm" cavabını verdi.

"Səhərin səsi" verilişində müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədov arasındakı mübahisə əlbəyaxa dava ilə nəticələndi. Sabirin Elvinin mahnıları ilə bağlı şərhi bu münaqişəni daha da alovlandırdı. Tərəflər studiyanı tərk edərək kənarda əlbəyaxa dava etdi.

Vəkil Şəfiqə Nağıyeva bəlkə də ilin ən qalmaqallı simalarından biridir. O, ekspert kimi qonaq olduğu verilişlərdə bir çox şəxslə mübahisə etdi. Son olaraq jurnalist Anar Vəziroğlu ilə "Təsir dairəsi" proqramında davası oldu.

Efirdə Vəziroğlu hüquqşünasın üstünə su atdı. Daha sonra məlum oldu ki, demə, bu addımı ilk atan elə Nağıyeva özü olub. O, fasilə vaxtdı jurnalistin üstünə su atıb. Nağıyeva ondan əvvəl "Elgizlə izlə" verilişindən ağlayaraq çıxıb. O, daha öncə efirdə Xalq artisti Kübra Əliyeva ilə də mübahisə edib.

Bu il aktrisa Pərvin Abıyeva TikTok platformasında aparıcı Azər Zahidlə bir neçə dəfə dava etdi. Onlar arasında zaman-zaman gərginlik yaşandı. Sonuncu dəfəki davada isə Azər onu təhqir edən Pərvinin TikTok hesabını bağlatdırdı. O, səhifənin bir də açılmayacağını desə də, Pərvinin profili yenidən aktivləşdi.

Bu il kifayət qədər səs-küylü keçdi. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək. 


Etiketlər:  İlin qalmaqalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ