Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Avropalıların bürünc seriyası, Mərakeşin rekordu təkrarlamaq şansı

DÇ-2022: Avropalıların bürünc seriyası, Mərakeşin rekordu təkrarlamaq şansı

Tarix: 17 Dekabr 2022 18:22

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmaları bu turnirdə artıq bir dəfə qarşılaşıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, qrup mərhələsində baş tutan dueldə qolsuz bərabərlik qeydə alınıb.

Bu, həm də tərəflər arasında yeganə rəsmi matç olub. Xorvatiya ilə Mərakeş ilk dəfə 1996-cı ildə yoldaşlıq oyunu çərçivəsində görüşüb və həmin oyunda da qalib müəyyənləşməyib - 2:2.

Altıncı dəfə DÇ-yə qatılan xorvatlar daha əvvəl mundiallarda iki Afrika təmsilçisi Kamerun (4:0) və Nigeriyanı (2:0) məğlub ediblər. Xorvatiya seçməsi hələ ki, afrikalılarla duellərdə qapısından top buraxmayıb. Yığma qatıldığı mundialların üçündə qrupda qalıbsa, 1998-ci ildə bürünc, 2018-ci ildə isə gümüş medal qazanıb.

Altıncı dəfə çempionatda iştirak edən Mərakeş yığması yarımfinala qədər irəliləməklə dünya çempionatları tarixində ən yaxşı nəticə göstərən Afrika təmsilçisi olub.

Mundiallarda indiyə qədər 3-cü yer uğrunda keçirilən 19 görüşün heç birində penaltilər seriyası olmayıb. Cəmi bir dəfə əlavə vaxt oynanılıb (DÇ-1986: Fransa - Belçika). Bürünc medal uğrunda baş tutan son 10 matçın hamısında Avropa komandası qalib gəlib.

Mərakeş bugünkü matçda qapısının toxunulmazlığını qoruya bilsə, bir turnirin 5 görüşündə qol buraxmayan 7-ci komanda kimi rekordu təkrarlayacaq. Buna qədər Niderland (1974), İtaliya (1990, 2006), Braziliya (1994), Fransa (1998), Almaniya (2002) və İspaniya (2010) bu uğura imza atıblar.

Xorvatiya millisinin kapitanı Luka Modriç meydana çıxarsa, 37 yaşdan sonra bir mundialın 7 oyununda iştirak edən üçüncü futbolçu kimi tarixə düşəcək. Yarımmüdafiəçi ingiltərəli Peter Şilton (1990) və italiyalı Dino Zoffun (1982) rekordunu təkrarlaya bilər.

Avropa təmsilçisinin hücumçusu İvan Perişiç qarşılaşmada fərqlənməyi bacarsa, dünya çempionatlarında ən çox qol vuran xorvatiyalı oyunçu ünvanına yiyələnəcək. O, hazırda əfsanəvi Davor Şukerlə (6 qol) rekorda şərikdir.

Qeyd edək ki, Xorvatiya - Mərakeş oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  2022 Avropalıların bürünc seriyası Mərakeşin rekordu təkrarlamaq şansı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ