Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 22:00
İran rejimi xarici qüvvələri, ilk növbədə, təbii ki, İsraili ölkədəki etnik azərbaycanlıları hakimiyyətə qarşı etiraz aksiyalarını dəstəkləməkdə ittiham edir. Bu ittiham İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi teleqram kanalı vasitəsilə mütəmadi olaraq yayımlanır.
Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə "Yerusəlim Post" qəzetində dərc olunan məqalədə deyilir.
Məqalədə deyilir ki, İrandakı hazırkı gərginliyin mərkəzi Təbriz şəhəridir. Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan bu şəhərdə yaşayan müxtəlif hesablamalara görə təxminən 25 milyon etnik azərbaycanlı İranın əsarətindən xilas olmaq və Güney Azərbaycan adlı ayrıca dövlət yaratmaq istəyir.
"Bu yaxınlarda şəhərdə İran rejiminə qarşı növbəti etiraz dalğası baş verib. Son aylarda rejim nümayişləri yatırıb və kütləvi həbslər həyata keçirib. İranın təhlükəsizlik qüvvələri hətta zorakılığa əl atmaqdan da çəkinməyib ki, nəticədə onlarla sakin həlak olub. Qeyd etmək lazımdır ki, bu şəhər qanlı İran rejimi üçün böyük əhəmiyyət kəsb edir. Hakimiyyət qorxur ki, əgər şəhər və onun ətrafı öz müstəqilliyini elan edərsə, bu, rejimin süqutunu sürətləndirə bilər", - məqalədə vurğulanır.
Buna sübut kimi son vaxtlar nümayişçilərin müstəqil Güney Azərbaycanın bayrağının təsviri olan çoxsaylı plakatlar asmağa başladıqları göstərilir. Təhlükəsizlik qüvvələrinin nəzarətində olan inzibati və ictimai binaların divarlarına da oxşar vərəqələr yapışdırılır.
Daha sonra məqalədə İsrail və İranın Azərbaycandakı səfirləri arasında Tvitterdə baş verən "söz atışması"ndan bəhs edilir. Belə ki, diplomatların sosial şəbəkələrdə bir-birini tənqid edən atmacaları geniş müzakirələrə səbəb olub.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən il Tvitter səhifəsində iranlıları narahat edən paylaşım edib. O, Azərbaycan və onun mədəniyyətinin Təbriz şəhəri ilə tarixi bağlarından bəhs edən kitab haqqında yazıb və bu şəhərin İrana deyil, Azərbaycan xalqına məxsus olduğuna eyham vurub. İran səfiri Seyid Abbas Musəvi isə cavabında onu "qeyrətli Təbriz camaatı tərəfindən dəfn ediləcək şər sionist" adlandırıb.
Məqalə müəllifi daha sonra Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevdən sitat gətirib:
"Təbriz Azərbaycan vətəndaşları üçün tarixi yerdir. Rəsmi Tehran yəhudiləri və İsraili əhalini etiraz və üsyana təhrik etməkdə ittiham edir, azərbaycanlılar isə bu təbliğata inanmır".