Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə çoxtərəfli diplomatiyanı təşviq edir

Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə çoxtərəfli diplomatiyanı təşviq edir

Tarix: 28 Fevral 2023 11:27

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Sonxeber.net AZƏRTAC-a istinadən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə qısa nəzər salır.

Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. 2019-cu ildə ölkəmiz QH-nin sammitinə uğurla ev sahibliyi etdi və bu tədbirdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Belə də oldu. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur.

Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz "peyvənd millətçiliyi"nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransında dövlətimizin başçısı bu Şəbəkənin əhəmiyyətindən danışıb, QH-yə üzv ölkələr arasında həmrəyliyə töhfə verəcəyinə inamını ifadə edib: "Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq".

Həmin konfransdan bir ay keçməmiş - iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Sammitin Şuşa sessiyası çərçivəsində daimi katibliyi Bakıda yerləşəcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatının əsasnaməsi, təşkilatın loqosu və bayrağı təsdiqləndi. Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclər nümayəndələrinə cari çağırışlar haqqında fikir, baxış və perspektivlər mübadiləsi aparmaq və dövlətlərinin birgə cavabları vasitəsilə davamlı tərəqqiyə nail olmaq imkanı yaradır.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.

Hazırda dünya postpandemiya dövründədir. Bu mərhələdə də ölkəmizin uğurlu sədrliyi ilə Qoşulmama Hərəkatı öz aparıcı rolunu saxlayır. 2021-ci ildə QH-nin yaradılmasının 60-cı ildönümünə həsr edilən Belqrad tədbirində Prezident İlham Əliyev postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Buna uyğun olaraq bu il martın 2-də ölkəmizdə QH-nin postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşü keçiriləcək. Tədbirdə bir sıra QH ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçılarının, digər rəsmilərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktual olan vacib məsələlərin müzakirə edilməsidir. Yəni, mövzu təkcə pandemiya məsələsi deyil, daha çox pandemiyadan sonrakı dünya məsələləridir. Hazırda yeni dünya düzəni formalaşır. Bu kontekstdə beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşkilatların səmərəli olmaması, Şərq-Qərb ziddiyyətlərinin artması, "Soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya düzənində QH ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olacaq.

Bundan əlavə, sammit zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlərin müzakirəsi planlaşdırılır. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bəzi Qoşulmama Hərəkatı ölkələri ərzaq təhlükəsizliyi sahəsində daha ciddi təhdidlərlə üzləşməyə başlayıblar.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir. Bu sammit isə öz növbəsində Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fəal, təşəbbüskar və çevik xarici siyasətinin növbəti bariz göstəricisidir. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsində üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.


Etiketlər:  Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə çoxtərəfli diplomatiyanı təşviq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ