Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Qərbi oynatmaqda davam edir - Sammitin sənədini imzalamadı, Putini “həbs etməyəcəyik” dedi...

Paşinyan Qərbi oynatmaqda davam edir - Sammitin sənədini imzalamadı, Putini “həbs etməyəcəyik” dedi...

Tarix: 4 Aprel 2023 14:33

Elşad Həsənov: "Qərbdə yaxşı bilirlər ki, Ermənistan demokratiya adı ilə imitasiya ilə məşğuldur"

Məlum olduğu kimi, bu günlərdə ABŞ-ın təşəbbüsü ilə keçirilən "Demokratiya sammiti"ndə iştirak edən Ermənistan baş naziri Nikol Paşinyan Ukraynanın ərazi bütövlüyü ilə bağlı bəndi imzalamaqdan imtina etdi.

İndi də Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi halda İrəvanın onu Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs etmək niyyəti və istəyi yoxdur: "Biz Rusiyanın səsləndirdiyi narahatlıqları eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik. İrəvan Moskva ilə müqavilə bağlaya bilər və bu zaman Roma Əsasnaməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək".

Nədənsə, Ermənistanı "demokratik" ölkə hesab edən Qərb bütün bunları görmək istəmir. Bənzər addımları Azərbaycan atsaydı, o zaman bütün Qərb üstümüzə gələrdi.

"Ancaq işlərinə gəlmədiyi üçün İrəvanın geri addımlarını görməzdən gəlirlər"

Məsələyə münasibət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə də, Ermənistanın ikili oyunlarını Qərb görməzdən gəlir: "Bəli, "Demokratiya sammiti"ndə Paşinyan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən imtina etdi. Ona görə ki, Rusiyadan qorxurlar. Məsələ ondadır ki, son dövrlər Rusiyadan Paşinyan hakimiyyətinə təzyiqlər artıb. Çünki Ermənistan müstəqil dövlət deyil. Müstəqil iqtisadiyyatı, siyasəti yoxdir. Bu ölkənin iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır. Ermənistanın Türkiyə və İranla olan sərhədlərini Rusiya qoruyur. Üstəlik, Gümrü şəhərində Rusiya hərbi bazası var. Düzdür, Ermənistan bilavasitə Fransanın yardımı ilə Avropa İttifaqından 200 nəfər müşahidəçi gətirərək sərhəddə yerləşdirib. Onlar orada təkcə müşahidə işləri yox, həm də kəşfiyyat işləri aparırlar. Ancaq bütün bunlar nəyisə dəyişə bilməyəcək. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı geri addım atması təsadüfi deyil. Onlar anladılar ki, Ukrayna müharibəsi davam etsə də Rusiya böyük dövlətdir. Baxmayaraq ki, bundan əvvəl müxtəlif şəxslər vasitəsilə Putini təhdid edirdilər. Deyirdilər ki, gəlsəniz həbs olunacaqsınız. Lakin erməni rəsmilərinin başlarından böyük danışmaları onları geri addım atmağa məcbur etdi. Bunun nəticəsidir ki, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan ölkəsinin Putinlə bağlı fərqli mövqe sərgiləyəcəyini deyir. Rusiyanın kiçik bir təzyiqi Ermənistanı geri addım atmağa məcbur edir. Məsələn, bu günlərdə Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandırdı. O dəqiqə ermənilər anladılar ki, siqnal hardan gəlir. Yəni Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, adicə bir təzyiqi o dəqiqə hiss edirlər. Əlbəttə ki, Qərb bütün bunları görür. Onlar yaxşı bilirlər ki, Ermənistan demokratiya adı ilə imitasiya ilə məşğuldur. Ancaq işlərinə gəlmədiyi üçün İrəvanın geri addımlarını görməzdən gəlirlər. Çünki uzun illərdir biz Ermənistana münasibətdə ikili standartların şahidi oluruq. İndi də çox şey dəyişməyib".


Etiketlər:  Paşinyan Qərbi oynatmaqda davam edir Sammitin sənədini imzalamadı Putini həbs etməyəcəyik dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ