Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 18:40
Bakı. Trend:
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri, Bağater Arabulinin “Gündüz yuxuları” kitabının təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud qonaqları, iştirakçıları salamlayaraq, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin qədimliyindən danışıb, bu istiqamətdə ərsəyə gətirilmiş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açıb.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov gürcü poeziyası ilə Azərbaycan oxucusunu tanış edən kitabın dilimizi öz təfəkkür orijinallığı ilə, bəzi arxaizmləri Azərbaycan dilində canlandırmaqla zənginləşdirdiyini qeyd edərək Mərkəzə yaradıcılıq hadisəsi olan və eşq ilə görülən bu işə görə təşəkkürünü bildirib.
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxışında şairin üslubu, baxışı və tərcüməsini çox bəyəndiyini, kitabı zövqlə oxuduğunu qeyd edərək, yeni nəsil gürcü yazarların da gələcəkdə tanınması üçün yeni layihələrin olmasını arzulayıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vurğulayıb ki, tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyətləri arasında mübadilələrin dərinləşdirilməsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Diplomat bildirib ki, ölkələr arasındakı dostluq münasibətləri ədəbi əlaqələri daha da dərinləşdirir və yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin təşkil edilməsi də nəzərdə tutulur. Z.Pataradze əsas məqsədi Azərbaycan oxucusunu, gələcək nəsilləri gürcü ədəbiyyatı ilə tanış etmək olan bu cür kitabın ərsəyə gəlməsinə və təqdimatının təşkilinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinə təşəkkür edib.
Zurab Pataradze: “Məqsəd gələcək nəsilə ədəbiyyata olan sevgini ötürmək və daxilimizdəki sevgini böyütməkdir. Gürcü və Azərbaycan xalqı bir-birinə o qədər yaxındır ki, iki xalq bir-birini sözsüz də başa düşür”.
Avrasiya Yazarlar Birliyinin baş direktoru Yaqub Öməroğlu gürcü ədəbiyyatına məxsus digər yazarların əsərlərinin də gələcəkdə tərcümə olunmasını və bu cür tədbirlərin mütəmadi olaraq təşkilini zəruri sayıb.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi gürcü ədəbiyyatını çox sevdiyini, bu kitab ilə gürcü ədəbiyyatının 300 milyonluq türk dünyasına təqdim edildiyini bildirib, çağdaş Azərbaycan mədəniyyət dünyasının formalaşmasında Tərcümə Mərkəzinin, “Xəzər” dərgisinin mühüm rolu olduğunu söyləyib, Mərkəzə bu şərəfli fəaliyyətində uğurlar diləyib.
Kitabın ön sözünün müəllifi, professor Rüstəm Kamal qədim gürcü xalqının möhtəşəm mədəniyyətə malik olduğunu, gürcü şairlərin daxilən azad, sərbəst olduqlarını, gürcü poeziyasının modern formaları dəyişməkdə daha çevik olduğunu qeyd etmiş, şairin timsalında gürcü poeziyasını çox sevdiyini vurğulayıb.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov ölkələr arasındakı elmi və ədəbi əlaqələrdən danışıb, Bağater Arabulini Vaqif Səmədoğlu üslubuna uyğun gələn şair hesab edərək, onu şeirlərində gürcü xalqının etnoqrafik mənzərəsini yaradan, metaforik ifadələrdən istifadə edən orijinal şair adlandırıb.
Tanınmış Azərbaycan şairləri Zakir Fəxri, Nigar Həsənzadə, yazıçı Etimad Başkeçid və digər çıxışçılar kitabın uğurundan danışaraq, ədəbi əlaqələrin bugünkü dövrdə böyük önəmini qeyd ediblər.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov son illər Tərcümə Mərkəzi tərəfindən çoxsaylı və gözəl layihələrin həyata keçirildiyini vurğulayaraq, bu tədbirlərin məhz elm məbədində təşkilini təqdirəlayiq hal hesab edib. Professor həmçinin təqdimatı olan bu kitabın gürcü ədəbiyyatının ölkəmizdə təbliğində mühüm rol oynayacağını diqqətə çatdırıb.
Sonda söz Bağater Arabuliyə verilib. Bağater Arabuli Azərbaycandan aldığı heyrətamiz təəssüratlarını bölüşərək, bu səviyyədə qurulan ədəbi mübadilələrin bəşəriyyəti xilas etmək qüdrətində olduğunu qeyd edib. Bu istiqamətdə ərsəyə gətirilən parlaq layihələrə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinə xüsusi minnətdarlığını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin