Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2023 09:32
Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojın etiraf edib ki, muzdlular şəhərin şimal və cənubunda sabit cinahların itirilməsi səbəbindən Baxmutda Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini mühasirəyə ala bilmirlər.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) Ukrayna müharibəsi ilə bağlı gündəlik təhlil hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, Priqojın Rusiya Federasiyasının Müdafiə Nazirliyini əlverişli mövqeləri itirməkdə ittiham edib.
"Priqojın, ehtimal ki, Ukrayna qoşunlarının qaçılmaz mühasirədən qorxaraq Baxmutdan tamamilə geri çəkiləcəyini gözləyib və hətta Prezident Volodimir Zelenskiyə martın 3-də Ukrayna qoşunlarını şəhərdən çıxarmağa icazə verməyi təklif edib. Bununla belə, Ukrayna Müdafiə Qüvvələri Baxmutun qərbində yerüstü əlaqəni qorumağa davam edib, bu da "vaqnerçilər"i şəhər ərazilərində döyüşməyə və şəhərin içindən keçməyə məcbur edib. Priqojının etirafı da Ukrayna rəsmilərinin "vaqnerçilər"in döyüş meydanında təşəbbüsü itirməsi ilə bağlı bəyanatlarını təsdiqləyir", - hesabatda bildirilib.
Vurğulanıb ki, Priqojın və onun muzdluları ilə əlaqəsi olan bloqçular da Rusiya qüvvələrinin Baxmutun cinahlarını qorumaq üçün lazım olan təşkilatlanma, atəş dəstəyi, koordinasiya və təlimdən məhrum olduğunu açıqlayıblar.